"Azərbaycan insan hüquqlarının universal xarakterini birmənalı qəbul edir və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq və siyasi mövqeyindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq hər kəsin hüquqları dövlət tərəfindən qorunur. Jurnalist Aytən Məmmədovaya hücum məsələsinə dövlətin yanaşmasına da məhz bu çərçivədən baxılmalıdır. Üstəlik, hücuma məruz qaldığı bildirilən vətəndaşın jurnalist olması insidenti bir az daha həssaslaşdırır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, dövlət bu hadisə ilə bağlı həqiqətin tezliklə meydana çıxarılması və ehtimal edilən cinayətdə şübhəli bilinən şəxslərin aşkarlanması, hadisənin araşdırılması və ona hüquqi qiymət verilməsində maraqlıdır: "Bu məsələdə dövləti qarşı tərəf kimi görmək yanlış yanaşmadır və həqiqətin ortaya çıxarılması prosesi üçün əlavə əngəldir. Mən sual qoyuram, dövlətin öz vətəndaşı ilə nə problemi ola bilər? Məsələnin siyasiləşdirilməsinin məqsədi yalnız baş verənləri siyasi şouya çevirib, hüquq müstəvisindən uzaqlaşdırmaq ola bilər. Mitinq təşkil etmək istəyənlər bilir ki, aidiyyəti strukturlar məsələyə dair ipucu tapıb əməli törədənləri tezliklə yaxalayacaqlar. Ona görə də hələlik imkan varkən, nə qədər ki, hadisə açılmayıb prosesdən siyasi xal qazanmaq istəyirlər. Nəzərə almaq lazımdır ki, şikayətçinin maraqları tələb edir ki, bu hadisə yalnız və yalnız hüquq müstəvisində həllini tapmalıdır. Üstəlik, xanım jurnalistin peşə fəaliyyəti ilə bağlı təhdid olunması ehtimalına köklənsək belə, bir reallıq var ki, jurnalistin davamlı olaraq işıqlandırdığı məhkəmə özü də siyasi mahiyyət daşımır. Dövlət ictimai diqqət çəkən həmin məhkəmə prosesində həqiqətin meydana çıxmasında maraqlıdır. Jurnalistlərin məhkəmənin işinə müdaxilə etmədən həmin prosesə ictimai nəzarəti təmin etməsi elə ədalət mühakimə sisteminin özünün nüfuzuna xidmət edir. Ona görə də süni şouya ehtiyac yoxdur, ictimai təhlükəli əməllər başqa pozuntu ilə meydanlarda yox, hüquq müstəvisində araşdırılmalıdır. Hər kəs bu hadisənin də məhz hüquq müstəvisində də araşdırılacağına əmin ola bilər. Əlavə cəhdlər və proses ətrafında siyasi möhtəkirliyə imkan verilməyəcək".
Nəzrin Cavid