“Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün olacağı barədə mətbuatda xəbər yayılıb. Təbii ki, həllini gözləyən məsələlərin icrası üçün dövlət başçıları arasında görüşlər keçirilməli və razılaşdırılmış məsələlərin icra vəziyyəti ilə bağlı müzakirələr aparılmalıdır. Brüsseldə bundan əvvəlki görüş aprelin 6-da keçirilmişdi. Görüşdə aprel ayının sonuna qədər Azərbaycan və Ermənistan arasında müvafiq birgə komissiyaların yaradılması, təmasların olması nəzərdə tutulmuşdu. Lakin bu görüşdən sonra İrəvanda sifarişli aksiyalar keçirilməyə başlandı və Paşinyan Moskvaya çağırılaraq yeni tapşırıq aldı. Ona görə də Ermənistan Brüsseldə razılaşdırılmış məsələlərin icrası istiqamətində heç bir addım atmadı və bizim təkliflərimizə baxmayaraq, ikitərəfli görüşlərdən boyun qaçırdı”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Ermənistan forpost ölkədir: "Bu ölkə nə müstəqil qərar qəbul etmək, nə də siyasət yürütmək iqtidarındadır. Mayın 22-də keçiriləcək görüşdə də yenə müəyyən məsələlərin razılaşdırılacağını düşünürəm, amma görüşdən sonra razılaşdırılmış məsələlərin icrasına Ermənistanın necə məsuliyyətlə yanaşacağı sual altındadır. Çünki Ermənistanda bu gün Qərbin və Rusiyanın nüfuz məsələsi toqquşur. Məsələlərin həlli bu ölkələrin Ermənistana edəcəyi təsir gücündən asılı olacaq. ABŞ və Qərb Ermənistan-Azərbaycan arasında yarımçıq qalmış məsələlərin həll olunması və uzunmüddətli sülhün imzalanmasını dəstəkləyir. Rusiya isə regionda öz nəzarətini saxlamaq üçün Azərbaycan-Ermənistan arasında icra olunması gərəkən prosedurların yalnız özünün iştirakı ilə həll edilməsinə çalışır. Azərbaycan üçün isə məsələlərin kimin iştirakı ilə həll olunması vacib deyil. Bizim üçün ən vacib üçtərəfli bəyanatlarda razılaşdırılmış və bu gün Ermənistan tərəfindən icra edilməmiş məsələlərin icrasıdır”.
Aytəkin Qardaşova