Qarşıdan 28 May - Respublika Günü gəlir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. Respublika günü ilə bağlı əfv sərəncamının imzalanması gözlənilir. Həmçimin qardaş Türkiyənin iştirakı ilə Bakıda "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı öz işinə başlayacaq, Bakı səmasında qırıcı təyyarələrin və pilotsuz aparatlarının potensialı nümayiş etdiriləcək. Qısası dövlətimiz Respublika gününü adına layiq formada qeyd edəcək. Belə əziz günü bizə bəxş etmiş, yoxdan bir Respublika qurmuş və Şərqdə ilk demokratik Respublikanı formalaşdırmış babalarımız unudulmamalıdır. Hesab edirəm ki, təkcə 28 may 1918-ci ildə əməyi və əziyyəti olmuş hər bir şəxsin deyil, Azərbaycan tarixində müstəsna xidmətləri olan hər kəsin adı əbədiləşdirilməlidir. O, cümlədən də Məhəmməd Əmin Rəsulzadənin... Cümhuriyyətimizin qurucularından biri olmuş, Azərbaycan Milli Şurasının ilk və sonuncu rəhbəri Rəsulzadənin adı Bakının rayonlarından birinə verilməli, məzarı da Azərbaycana gətirilməlidir. Gələcək Azərbaycan Partiyası olaraq, düşünürük ki, bu, milli həmrəyliyə daha böyük töhfə vermiş olar.
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
