Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Sahibkarlığın inkişafı üçün bir çox işlər görülür” – RƏY

1 192
Paylaş:
“Sahibkarlığın inkişafı üçün bir çox işlər görülür” –           RƏY

Həyata keçirilən davamlı tədbirlər, layihələr sayəsində respublikamızda əlverişli biznes mühiti formalaşıb. Güclü dövlət siyasəti ölkəmizdə digər sahələr kimi, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına da təkan verib. Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq düzəlişlər sistemini müəyyənləşdirir. Ölkədəki belə əlverişli şəraitdən bəhrələnən sahibkarlar isə müxtəlif sahələrə investisiya qoyuluşunu artırmağa böyük maraq göstərirlər. Respublikada özəl bölmənin dinamik inkişafını təmin etmək məqsədilə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Bu barədə Pravda.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, ölkədə azad sahibkarlığın və liberal iqtisadiyyatın qurulması üçün müəyyən addımların atıldığı müşahidə edilir:

“Görünən odur ki, liberal iqtisadiyyatın qurulması nəzərdə tutulan səviyyədə öz effektivliyini göstərməyib. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Uzun müddətdir ki, ölkədə Rəqabət Məcəlləsinin qəbul edilməməsi başlıca səbəblərdəndir. Bu məsələnin yenidən gündəmə gəlməsi sevindirici haldır. Bir neçə gün öncə verilən məlumatlara görə, artıq ciddi şəkildə irəliləyiş əldə olunub. Bu məcəllə hazırlanıb və müəyyən proseslərdən sonra ölkədə liberal iqtisadiyyatın formalaşmasına töhvəsini verəcəyini görə biləcəyik. Hər halda gözləntilərimiz budur. Nəticənin necə olacağını isə zaman göstərəcək. Bu məcəllənin qəbul olunması sahibkarlıq sahəsinin inkişafı istiqamətində atılmış ən ciddi effekt verən addım olacaq”.

Ekspert deyib ki, bəziləri istisna olmaqla, əksər bölgələrdə sahibkarlıq çox zəif inkişaf edib: “Müasir texnologiyaların tətbiq edilməməsi, kredit faizlərinin yüksək olması sahibkarlığın fəaliyyətini əngəlləyən əsas səbəblərdir. Düşünürəm, bu sahədə dövlətin dəstək mexanizmləri var. Sahibkarlığın inkişafından danışarkən KOBİA-nın adını çəkməmək olmaz. Çünki ölkədə sahibkarlıq subyektlərinin dəstəklənməsində, inkişafında KOBİA-nın fəaliyyəti çox böyükdür. Həm təşviq, həm dəstək mexanizmləri, regionlarda fəaliyyət göstərən “KOB Dostu” mexanizmi vasitəsilə sahibkarlara dəstək olan bir nömrəli qurum KOBİA-dır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, təşviqlə bağlı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO fəaliyyət göstərir:

“Bu təşkilat daha çox ölkəmizdə istehsal olunan malların xaricə çıxarılması ilə məşğul olur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kifayət qədər iş görür. Kiçik və orta sahibkarlığın sürətlə inkişafı üçün dövlət tərəfindən kifayət qədər addımlar atılır. Amma sahibkar sinfinin özündə qismən ətalət də var. Hər həftə “CBC” kanalında “Sahibkar saatı” verlişini aparıram. Bu verilişə Azərbaycandan kənarda da baxanlar var. Düşünürəm, Azərbaycan kanallarında belə verilişlərin sayını artırmaq lazımdır. Əfsuslar olsun ki, azərbaycandilli kanallarımız buna o qədər də maraq göstərmirlər. Onlar müəyyən vəsait qazanmaq üçün daha çox reklama tərəf qaçırlar. Lakin belə verilişlərə böyük ehtiyac var. Dəfələrlə bu barədə çıxışlarımda, komitə iclaslarında, plenar iclaslarda da qeyd etmişəm, müraciətlərim olub. Bizim iqtisadi blokun rəhbərləri gələndə də bu haqda danışmışam. Bir çox potensial hələ var. Bundan istifadə etmək lazımdır. Həftəlik olmasa belə, ayda iki dəfə mütəmadi belə verilişlər olmalıdır. Sahibkarlar vaxt ayırıb baxmalı, onları maraqlandıran suallar verməlidirlər”.

İqtisadçı-ekspert Elşən Bağırzadə isə qeyd edib ki, inkişaf etmiş cəmiyyətlər, eləcə də liberal iqtisadiyyatlar 3 prinsip üzərində dayanır:

Elşən Bağırzadə: “Dünya səviyyəli universitet olmağı hədəfləmişik”

“Bazar iqtisadiyyatı, hüquq dövləti və demokratiya. Bunları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Ya hər üçü yetərli səviyyədə olacaq, ya da heç biri olmayacaq. Bu baxımdan, ölkə iqtisadiyyatında sağlam rəqabətin təmin edilməsi istiqamətində kompleks işlər görülməlidir. Bu, təkcə yeni qanunların qəbulu ilə həll olunası məsələ deyil. Məhkəmə-hüquq sistemi, bütövlükdə cəmiyyətin bu məsələyə yanaşması köklü dəyişməlidir. Cəmiyyət olaraq anlamalıyıq ki, bazar iqtisadiyyatının üstünlüklərindən, xüsusilə resursların səmərəli bölgüsü, bolluq, ucuzluq, keyfiyyət, yenilikçilik, bütün bunlardan yararlanmaq istəyiriksə, sağlam rəqabətin önündəki bütün əngəlləri qaldırmalıyıq. Bu, sahibkarlığın inkişafı, dayanıqlı iqtisadi artım və bütövlükdə ölkənin iqtisadi inkişafı baxımından çox önəmlidir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər