“Əfv olunacağımı gözləyirdim. Məlum aclıq aksiyasından sonra hesab edirdim ki, birinci əfvdə azadlığa çıxaram. Gümanım çox idi. Elə də oldu. Aclıq aksiyasını dayandırdım. Çünki tükəndim. Ac qalmağım 40 gün çəkdi. Səhhətim indi yaxşıdır. Aksiyanın 8-ci günündə təsirlər başladı. Amma yaxınlarımın, həkimlərin təsiri ilə qərar verib aclığı dayandırdım. Penitensiar xidmətin yüksək vəzifəli adamlarından gəlib-gedənlər çox idi. “Çox sağol” deyirdilər. Gözləmirdilər. Dedilər ki, Allahın izni ilə tezliklə azadlığa çıxarsan. Əfv etməyəcəklərinə inanmırdım. Çünki bir də belə hay-küy olmasını istəməzdilər. Ona görə də ümidim çox idi”.
Pravda.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan AXCP üzvü Saleh Rüstəmli deyib.
“Hazırlıq gedirdi. Sənədlər toplayırdılar. Məhbuslar gəlib bir-birilə bu barədə danışırdılar. Bilirdim ki, mayın 28-nə hazırlıq gedir” - o qeyd edib.
S.Rüstəmli həbs olunduğu an barəsində də danışıb: "Gəncə hava limanında düşündüm ki, nə isə olsa, aeroportda saxlaya bilərlər. Sənədlərimə baxdılar, sonra qaytardılar. Dedilər ki, problem yoxdur, gedə bilərsiniz. Çox güman ki, kimlərləsə danışdılar. Artıq bildilər ki, gəlmişəm. Sonra Gədəbəyə getdim. Orda 3 gün qaldım. Qayıdanda Şəmkirdən Gəncəyə gedən yoldakı postu bağlamışdılar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəmkir rayonunun polisləri orada idi. Beləcə həbs etdilər. Məqsədim əsasən AXCP-dən həbs olunanlara yardım etmək idi. Pulu tanıdığım AXCP-dən olan adamlara göndərirdim. Sonradan onlardan da 3 nəfəri həbs etdilər. Onları tapa bilməyəndə qardaşım oğlu Vidadiyə deyirdik. Sonradan onu da həbs etdilər. Əvvəllər 100-200 dollar göndərirdik, hiss etdim, deyirdilər ki, bu pul çatmır. Sonradan ayda 500-800, hərdən-bir 1000 dollar göndərdik. İfadədə isə bunu şişirdib 25-30 min dollar etdilər...”
S.Rüstəmli Rusiyaya göndərilməsi üçün ekstradisiya yazmaları barədə də danışıb: “Öyrəndik ki, Rusiya ilə Azərbaycan arasında belə bir müqavilə var: aidiyyəti üzrə məsələyə Rusiyada baxılmır. Nə qədər həbsdirsə, həmin müddəti Azərbaycanda qalmalıyam. Ona görə də əlimiz üzüldü. Artıq azadlıqdayam, xahiş etdim ki, bir az Azərbaycanda qalım. Rayona getməliyəm. Razılıq oldu ki, çox hay-küy salmayım. Onsuz da hay-küylü adam deyiləm. Hələ ki, konkret planım yoxdur. Birinci uşaqlarımın yanına gedim. Görək iş-güc nə yerdədir. Rusiyaya qayıdacağam. Xarici pasportumun vaxtı keçmişdi, düzələn kimi gedirəm. Çalışacam ki, işimizi bərpa edək. Deyirlər, indi Rusiyada çox çətinlik var”.
Aytəkin Qardaşova