“Bizə qarşı səsləndirilən ittihamlardan biri budur ki, guya haramzadəliklə məşğuluq. Mən 12 yaşımda atasız qalmışam. Bizi Məhəmməd babamız saxlayıb və o, bizə heç vaxt haram yedirtməyib. Oğlumun 40 yaşı var, o da övladlarına haram yedirtmir. Deyirlər ki, Tahir əyilir kiminsə qarşısında və s... Bəli, əyilirəm. Əyilərək anamın ayağını, şəhid anasınının əlini, şəhid qəbrini, vətən torpağını öpərəm. Amma başqa kiminsə qarşısında heç vaxt əyilmərəm. Bəzən sual olunur ki, “niyə dövlət rəhbərliyindən kiməsə müsbət söz deyirsən?” Bunun səbəbi bu dövlət qarşısında borc və məsuliyyət hissimin olmasıdır.”
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.
“Azərbaycanın qarşısında böyük problemlər var, Qarabağı bütövləşdirməmişik, rus gəlib oturub torpağımızda. O, təpəgözdür və problemlərimiz yeddi başlı əjdaha kimidir. Biz rüşvətxorluğu, korrupsiyanı, işsizliyi aradan qaldırmalı, bahalığın qarşısını almalı, doğru kadr siyasəti yürütməli, səhiyyəni, təhsil sistemini yaxşılaşdırmalı, hüququn aliliyini təmin etməli, məhkəmələrin yalnız qanuna tabe olmasını təmin etməlyik. Kim bunun öhdəsindən gələ bilər? Bu xalqı kim təşkil edə bilər? Elə bir təşkilat, lider varmı? Götür-qoy edirsən, baxırsan ki, bunun öhdəsindən kim gələ bilər... Keçmişdə, hətta düşmən olsalar belə, bir qaçaq öz ailəsini aparıb, düşmən qaçağın evinə qoyardı və o, bilirdi ki, onun namusu qorunacaq. Ancaq müxalifətin yaxud da iqtidarın hər hansı nümayəndəsinin bir funksiyanın öhdəsindən gələ bilməməsi iqtidar-müxalifət düşmənçiliyinə gətirib çıxarmamalıdır. Bu zaman real vəziyyət nəzərə alınmaldır. Dövləti idarə etmək üçün əqidə, şəxsi münasibətlər, maddiyyat, mənəviyyat ayrı-ayrı dövlətlərlə, təşkilatlarla, dövlət başşıları ilə dil tapmaq, o cümlədən xalqın rifah halını yaxşılaşdırmaq lazımdır. Dövlət rəhbərliyini, bizi yalnız sevgi xilas edə bilər. İçərimizdə olan nifrət, bir-birimizi gözdən salmaq yox... Sağlam dövlət qurmalıyıq. Azərbaycanın sağlam gələcəyini yalnız və yalnız sağlam münasibətlər təmin edə bilər. Daha sonra deyirlər ki, Tahir Kərimli 1990-cı illərdə alovlu çıxış edib. Bəli, çıxış etmişəm: On illərlə qurduğumuz dövlət aradan gedəndə buna üsyan etmişəm və imkan verməmişəm. Deyirlər, nəcəb Tahir özünü öldürməyib, çünki mən o zamanlar çıxış etdikdə qalib gəldik. Üç gündən çox Ali Sovet toplana bilmədi, qarşısını almışdıq. Sürücümü aldılar, maşınımı oğurlayıb apardılar. Piyada qaldım, Ali Məhkəmədən xəbərim olmadı. Heç birimiz "süddən çıxan ağ qaşıq" deyilik, ancaq belə də etmək olmaz. Şamaxı və Göyçay qəzalarında qaçaqlıq etmiş, minlərlə kasıbın haqqını qorumuş, zalımlara qan uddurmuş adı ensklopediya və Azərbaycan tarixində olan Qaçaq Zahidin nəvəsiyəm. Atam gəncikən vəfat etsə də, 101 traktorçu ərizə yazıb, işdən çıxıb, çünki atam kolxoz sədrini məcbur edirdi ki, onlara yüksək əməqhaqqı yazsın. O, işçiləri himayə edirdi. Yəni mənim atam, babam heç kimin qarşısında iynənin ucu boyda sınmayıblar. Nəslimin övladlarına sınmaq yaraşar? Belə böhtanı bizə atırsınız. Biz gücümüz çatan qədər, daim hallalıq gözləmişik, halal yolla getmişik və sınmamışıq, sınmarıq da, lakin vətənin xilası üçün canımızı qurban verməyə hazırıq.”