Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Qədim Səfərovun (ad, soy adı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 2021-ci il sentyabrın 25-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, Qədim Səfərov çöl ərazidəki ağaca bağlanmış Sabir Bəxtiyarova məxsus (ad, soy adı şərti) ümumi dəyəri 3 min manata olan erkək və dişi cinsli atları oğurlayıb.
Məhkəmə baxışında Qədim Səfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Sumqayıt şəhərində əvvəllər xırda təsərrüfatla məşğul olub və özünə məxsus atları olub:
“Təxminən iki il əvvəl atım örüşdə olan zaman oğurlanıb. Lakin bu barədə polisə şikayət etmədim. Bundan sonra həmin atı axtarsam da, tapa bilmədim. 23.09.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində çöllükdə olan zaman örüşdə bir at gördüm. Həmin atın iki il əvvəl itirdiyim ata oxşatdım. Təxminən iki gün həmin əraziyə gedib-gəldikdən sonra atın sahibinin gəlmədiyini görüb onu aparmaq fikrinə düşdüm. 25.09.2021-ci il tarixdə gecə saat 01 radələrində həmin atı Abşeron rayonu, Saray qəsəbəsində çöl ərazidə ağaca bağlandığı yerdən açıb öz həyətimdə olan tövləyə apardım. Atın balası da yanında olduğu üçün ana atla birlikdə gəldi. Həmin atın mənə məxsus olmasına əmin olduğum üçün bu barədə heç kimə məlumat vermədim. Bir neçə gün sonra Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsi əməkdaşları evimə gələrək atın mən tərəfindən oğurlanmasında şübhəli olduğumu bildirdilər. Məni İdarənin istintaq şöbəsinə apardılar. Sonra atları Sabir Bəxtiyarova qaytardım”.
İstintaq orqanı tərəfəfindən onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov