Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin müsahibəsi:
- Qüdrət bəy, 4 iyun 1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyamdan 29 il ötür, bu gündən hadisəyə münasibətinizi bilmək istərdik.
- Qiyam müstəqilliyimizin bərpasından sonra ən yeni tariximizin ən qara səhifəsidir.Qiyamın nəticəsi olaraq 5 rayonumuz Ermənistan tərəfindən işğal olundu, Azərbaycan dövləti dağılmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.Yaxşı ki,ölkəmizdə dövlətimizi qoruya biləcək Heydər Əliyev kimi güclü siyasi lider və dövlət adamı var idi. Siyasi hakimiyyətin müdrikliyi çatdı ki,Heydər Əliyevi Bakıya dəvət edib hakimiyyəti ona təhvil versin. Heydər Əliyev regiondakı geosiyasi vəziyyəti düzgün təhlil edib, beynəlxalq siyasi konyukturanı nəzərə alıb Ermənistanla atəşkəs haqqında sazişə getdi.Ölkə daxilindəki silahlı müxalifəti və Qarabağdan kənar digər bölgələrdə baş qaldırmış etnik seperatizmi aradan qaldırdı. Böyük təzyiqlərə baxmayaraq ölkəmizin yenidən qurulmasında müstəsna rol oynayacaq “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Ölkə daxilində sabitliyi təmin etmək üçün Azərbaycan MDB-yə və KTMT-yə üzv oldu və sözün həqiqi mənasında, dövlət quruculuğu prosesi başladı.
- Milli Məclisin yaz sesiyası rəsmən bağlı elan olundu, nəticələri necə qiymətləndirərdiniz?
- Milli Məclis ali dövlət hakimiyyət orqanı kimi ölkəmizin ictimai-siyasi həyatında, dövlətimizin xarici siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Milli Məclisin sədri və deputatlar müxtəlif beynəlxalq təşkilatlarda və tədbirlərdə, ikitərəfli görüşlərdə ölkəmizi uğurla təmsil edir, Milli Məclisin ali tribunasından, xalqın təmsilçiləri kimi, ölkəmizdə və dünyada baş verən müxtəlif hadisələrə, proseslərə münasibət bildirir, müxtəlif məsələlərin həllinə dair təkliflər irəli sürür, iradlar bildirirlər, qanun yaradıcılığı prosesində iştirak edirlər. İçi mən qarışıq, çoxları MM-dən demokratik, azad bazar iqtisadiyyatına əsaslanan, güclü məhkəmə hakimiyyətinə malik dövlət quruculuğu prosesinə daha çox tövhə verməsini gözləyir, amma onunla təskinlik tapmalıyıq ki, deputatlar da xalqın bir hissəsidir və hər xalq özünün inkişaf səviyyəsinə uyğun olan dövlət hakimiyyət orqanları formalaşdırır. Biz Qərbin yüz illər ərzində qazandığı demokratik dəyərləri 30 il ərzində mənimsəyə bilmərik. Önəmli olan sabitliyin və tədricən də olsa, inkişafın təmin edlməsidir. Bəzi məsələlərin həlli isə zamana bağlıdır.
- Parlamentdaxili demokratiya necə, Sizi qane edirmi?