““Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərə, eləcə də qanunun müvafiq bəndlərinə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təlimatına əsasən din xadimi kimi fəaliyyət göstərmək istəyən şəxslərin mütləq dini təshili olmalıdır. Bu halın normal olduğunu hesab edirəm. Müəllimin, həkimin, hüquqşünasın diplomu, təhsil haqqında sənədi olmadan həmin sahələrdə çalışa bilmədiyi kimi din xadimləri də öz sahələrində təhsilləri olmadan çalışa bilməzlər, yəni bu düzgün deyil və qəbuledilməzdir. Ona görə də din xadimlərinin öz sahələrində təhsillərinin olması zəruriliyi məsələsinə normal yanaşılmalıdır.”
Bunu Pravda.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, təhsili olmadan fəaliyyət göstərən din xadimlərinə və digər neqativ hallara rast gəlinirsə, bu, yolverilməzdir: “Kimsə gedib saxta yolla diplom alırsa, yaxud da diplom almağa çalışırsa, bu, həm hüquqi baxımdan cinayət hesab olunur, həm də dini baxımdan qəbuledilməzdir. Din xadimi davranışları, əməlləri ilə nümunəvi olmalıdır. Əgər o dövlət qurumuna yalnış məlumat təqdim edir və ya saxtalaşdırma həyata keçirməyə cəhd göstərirsə, bu, heç bir şəkildə yolverilən məsələ deyil. Məsələnin mənəvi tərəfi də var. Din sahəsi ilə, dini məsələlərlə yalnız peşəkar din xadimləri məşğul olmalıdır. Azərbaycanda bu addımların atılması çox önəmlidir. Bu və ya digər formada sənədlərin saxtalaşdırılmasına cəhd göstərən şəxs bilməlidir ki, bu, araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək”.
Leyla