"Sovet dövrü dağılanda mollaların heç birinin dini təhsili olmayıb. Ona görə də onların dini təhsilə sahib olması zəruruliyi məsələsi bir az qəlizdir, xalq içərisindən çıxan adamlardır. Bəlkə də onlar ölü üçün qılınan namazları, oxunan duaları din alimlərindən daha çox bilirlər. Bu, adətdir və yalnız dinlə bağlı deyil. Buna aid digər formada olan müəyyən adətlər və ainlər var və onların hamısını yerinə yetirmək lazımdır. Soruşsanız, əksəriyyəti ölünü götürmək üçün lazım olan bütün adət və ənənələrin, ainlərin heç birini bilməyəcəklər".
Rafiq Əliyev: “Bəlkə də onlar ölü üçün qılınan namazları, oxunan duaları din alimlərindən daha çox bilirlər”
Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.
““Din xadimi” sözünü doğru qəbul etmirəm, ictimai, siyasi xadim ola bilər, amma din xadimi olmaz. Soruşsanız, onların əksəriyyəti ölünü götürmək üçün lazım olan adət və ənənələrin heç birini bilməyəcəklər. Ona görə də burada hardasa anlaşılmazlıq yaranır, yəni təkcə dini təhsili olanları, mədrəsini bitirənləri deyil, bu sahədə sayılıb-seçilmiş, dini adət-ənənələri bilən şəxslərin də seçilməsi üçün bir kommissiya yaradılmalıdır. Həmin insanların hüquqları nəzərə alınmalıdır, qiymət verilməlidir. Dini təhsili olan insanları məscidin imamı, yaxud da axundu təyin etmək bütün bu məslələri, problemləri həll edəcəkmi? Bu bir az çaşqınlıq yaradacaq həm cəmiyyətdə, həm də mollalar arasında. Rayonlarımızın hərəsinin öz qadın və kişi mollaları var. Hətta onların içərisində qadın mollar da var. Ümumiyyətlə, bu, çox qəliz məsələdir və incə yanaşmaq lazımdır. Yalnız qanunun qoyduğu hədlər kifayət deyil, həm də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yaradıcılıq olmalıdır. Düşünürəm ki, buna fikir verəcəklər, dini təhsili olmayan, amma xalq içərisində hörməti olan, illərlə mollalıq edən digər şəxslərin də maraqları nəzərə alınacaq” – R.Əliyev qeyd edib.