Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rəşad Temraz oğlu Orucovu Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini, Əliyar Qəhrəman oğlu Məmmədyarovu isə sədrin müavini təyin edib.
Yeni müavinlərlə bağlı məlumatları təqdim edirik:
Rəşad Temraz oğlu Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanlıdır, ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb. 2000-2004-cü illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində işləyib. 2004-2006-cı illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.
2006-2008-ci illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsini tutub. 2008-2011-ci illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.
2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.