Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edilən məhsullardan biri də arpadır. Ancaq iddialar var ki, arpa doğranaraq ölkədən ixrac edilir. Xüsusilə yerli arpa İraq və İrana daşınır. Bu ilin ilk 3 ayında 17 min tondan çox arpa məshulunun ixrac edildiyi deyilir. Bu iddialar əsaslıdırmı?
Azərbaycanda ixracına məhdudiyyətlər qoyulan arpa müxtəlif üsullarla ölkədən çıxarılır. Bu iddianı Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli səsləndirib. O bununla bağlı videogörüntü də təqdim edib. Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracını məhdudlaşdırıb. Lakin bir sıra şəxslər bu qadağadan yayınmaq üçün dənli bitkiləri kiçik qırıntılara bölərək, "emal sənayesi məhsulu" adı altında Azərbaycandan çıxarırlar. Yerli arpa əsasən İrana və İraqa daşınır. Xüsusilə son 10-15 gündür ki, bu ixrac əməliyyatı daha da intensivləşib.