İyun ayının 10-da Ceyhun Həsənovun Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunmasının 6-cı ili tamam oldu. C.Həsənovun Penitensiar Xidmətə rəhbərlik etdiyi bu dövrü ölkənin “həbsxana tarixi”nin ən ziddiyətli və maraqlı səhifələrindən biri hesab etmək olar. Bu müddət ərzində o, qüsursuz fəaliyyətinə görə dəfələrlə təltif olunub və 2018-ci ildə general-leytenant ali xüsusi rütbəsi alıb. Şübhəsiz, bu təltifləri siyasi sistemin onun fəaliyyətinə olan müsbət və dəstəkləyici münasibətinin ifadəsi kimi də qəbul edə bilərik.
Amma hazırda Azərbaycanda hər min nəfərdən ikisi həbsxanadadır.
Çox ciddi siyasi əlaqələrə malik olan C.Həsənovun illərdir bu vəzifədə qalmasının əsas səbəbi onun müxtəlif və mötəbər kabinetlərə olan bağlılığıdır. Hazırda etimadı doğrultmuş məmurların siyahısında ilk yerlərdən birində qərarlaşan C.Həsənovun hələ uzun müddət Penitensiar Xidmətin rəisi vəzifəsində işləyəcəyi də şübhə doğurmur. Penitensiar Xidmətdə təkzibolunmaz nöqsanlar və qanunsuzluqlar mövcuddur, amma C.Həsənov da işinin başındadır və işləyir.
Penitensiar Xidmətin rəisi vəzifəsində işləmiş şəxslərin vəzifədə olma müddətinin xronologiyası maraqlı detalları üzə çıxarır.
2006-cı il aprel ayında Ədliyyə nazirinin müavini - Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi (Penitensiar Xidmət əvvəl belə adlandırdı) vəzifəsinə təyinat alan Nazim Ələkbərov 2011-ci il fevral ayına qədər bu vəzifədə işləyib.