Mərhum Elçibəyin məşhur gedişinin 29-cu ili tamam olur. O nə gediş idi? Şahmatda elə gediş yoxdur, əslində o gedişin bənzəri siyasətdə də nadirdir. Devrilmək üzrə olan prezidentlər adətən ölkədən gedirlər, Elçibəy isə ölkənin paytaxtından qiyamçıların əllərinin hər saat çata bilməyəcəyi muxtar bölgəyə getmişdi.
İyunun 18-i günü səhər ölkə əhalisi, xüsusilə də Elçibəyin iqtidar komandasının üzvləri və prezidentin tərəfdarları şokdaydılar. Əslində həmin şok bu və ya digər ölçüdə hələ də davam edir. 29 ildir bitməyən bu söhbət (“Elçibəy niyə getdi, nədən elə getdi, getməyə bilərdimi” və s.) sübut edir ki, şok çox dərin və sürəkli olub.
Ancaq biz 29 ildən sonra bu hadisələrə soyuq baxışlarla, şoku adlatmış halda baxmalıyıq. İndi əlimizdə informasiya daha çoxdur, əksər hadisələrin təfərrüatlarını tamlığa yaxın miqyasda bilirik. İyun ayının 18-də Elçibəysevərlərin üzünə şapalaq kimi dəyən o sözlər (“Ölkə prezidenti Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə heç kəsə xəbər vermədən naməlum istiqamətə uçmuşdur”) səslənəndə isə çox adam çox şeyi bilmirdi.
Bilinən o idi ki, haqq etmədiyi halda polkovnik rütbəsi verilmiş təsadüfi bir şəxs – 34 yaşlı sabiq briqada komandiri Surət Hüseynov kriminal ünsürlərin cəmləşdiyi hərbi qüvvə ilə qanuni hökumətə qarşı qiyam qaldırıb və bu qüvvə paytaxta yaxınlaşır, vətəndaş müharibəsi törətməyə hazırlaşır.
Elçibəyin paytaxtdan bölgəyə getməsi gerçəkdən də vətəndaş müharibəsinin qarşısını aldı, qiyamın tam baş tutmasını əngəllədi. Baş qiyamçının hakimiyyətə gəlməməsi, daha dəqiqi, dövlətin birinci şəxsi ola bilməməsi, yeni situasiya yaratdı. Qiyam həm baş tutmuşdu, həm də tutmamışdı.
Düzdür, Elçibəyin o gedişi ilə onun iqtidar komandasının hakimiyyəti tam devrildi, amma bu çevriliş kütləvi qətllərlə müşayiət olunmadı. Bir qayda olaraq Azərbaycan tipli ölkələrdə hərbi qiyam baş verərkən devrilən hakimiyyət komandasının yüzlərlə vəzifəli şəxsi dərhal öldürülür, yerdə qalanları həbsə atılır, sonradan edam edilir və ya uzun müddətli məhkumluq həyatı yaşayırlar. İyunun 17-dən sonra Elçibəyin komandasından çox az adam həbs olundu, edam edilən olmadı.
Bəs Elçibəy paytaxtı tərk etməsəydi, necə olardı? 29 ildir insanların beynini məşğul edən əsas sual budur.
Elçibəy iyunun 17-dən 18-nə keçən gecə paytaxtı tərk etməsəydi, hadisələrin axarı iki istiqamətdə inkişaf edə bilərdi.
Biirnci variant: Elçibəy komandasını toparlasa, rəhbərlik etdiyi təşkilatın on minlərlə fəalını silahlandıraraq qiyamçılara qarşı qoymağı bacarsa, vətəndaş müharibəsi qaçılmaz olardı və bu müharibədə hərbi baxımdan qələbəni qanuni hökumət qazanardı. Çünki onun resursları daha böyük idi, üstəlik, qarşı tərəf hökumətlə hökumətlik etdiyi üçün xalq prosesin gedişində qətiyyət və iradə göstərən iqtidarın tərəfini tutardı. Nəticədə Nəvahi civarına qədər gəlmiş qiyamçılar Gəncəyə çəkilər, orada möhkəmlənərdilər. Böyük ehtimalla onlar Gəncəbasar rayonlarında hakimiyyəti devirib, xalqı qızışdırıb öz ətraflarına yığar, “Gəncə respublikası” elan edərdilər.
İkinci variant: həmin vətəndaş müharibəsində qiyamçılar qalib gəlsəydi, 1974-cü ildə Çilidə baş verən hərbi çevrilişdən daha betər olardı, özünü yeni Pinoçet sayan Surət Hüseynov minlərlə adam güllələtdirərdi. Onda bu potensial vardı. Zatən, 4 iyun günü Prezident Qvardiyasının zabit və əsgərlərini güllələdərək əlini qana batırmışdı. Sonradan o, parlamentdə çıxışı zamanı devrilən hökumətin təmsilçilərini Azadlıq meydanında asdırmadığına təəssüfünü bildirdi.
Ancaq yuxarıda dediyimiz 1-ci variant baş versəydi, bu, hələ hadisələrin sonu olmayacaqdı.
O dövrün adamları, eləcə də həmin hadisələrə dair məlumatı geniş olanlar bilir, o vaxt Qarabağ müharibəsində psixoloji üstünlük artıq ermənilərə keçmişdi. Bunun da səbəbi mövqeləri boş qoyub geri çəkilən, rayonları düşmənə təhvil verən Surət kimi vətən xainləri, ruspərəst komandirlər idi. Bu baxımdan Qarabağdakı separatizm hərəkatı artıq daha da şiddətlənmişdi.