Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi artıq başa çatıb. İndi abituriyentlər ikinci - sonuncu cəhdə hazırlaşırlar. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri ötən il ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid ballarıdır. Modern.az saytı abituriyentlərin marağını nəzərə alaraq, bəzi universitetlərə ötən ilki minimum keçid ballarını dəqiqləşdirməyə çalışıb.
Qeyd edək ki, 2021-ci ildə təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, ixtisaslar üzrə minimum keçid balları müxtəlifdir. Ancaq ümumilikdə götürəndə 2021-ci ildə AzMİU-da keçid balı 200 bal olub.
Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımova isə deyib ki, 2021-2022-ci tədris ili üzrə Bakı Slavyan Universitetində ən aşağı keçid balı “Regionşünaslıq” (Rusiya üzrə) (rus bölməsi, əyani təhsil forması) ixtisasında 152.6 bal olub.