““Xalqlar dostluğu” metrostansiyasının adı Sovet İttifaqından qalıb. Həmin dövrdən qalan bir çox ad var ki, tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi əks etdirən adlardır. Xalqların dostluğu mənəvi dəyərdir. Xalqlar bir-biri ilə dost olmalıdırlar. Sülh, bərabərlik olmalıdır. Düzdür, bəzi kommunistlərin adlarına olan küçələri, meydanları, heykəlləri yığışdırdıq. Çünki onlar tarixi ənənələrimizə zidd idi. Ancaq “Xalqlar dostluğu” dünya üçün vacib olan məfhumdur. Bu adın dəyişdirilməsi üçün nəyi əsas gətirirlər? Xalqlar bir-biri ilə dost olmamalıdırlar? Nə olsun ki, bu ad Sovet dövründə verilib? Bu, bəşəri məqsədlərə, ideyalara xidmət edən addır. Stansiyaya “Xalqların düşmənçiliyi” adını verək?”
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev “Xalqlar dostluğu” metrostansiyasının adının Sovet dövrünə aid olduğu üçün dəyişdirilərək şəhidlərimizdən birinin adının verilməsi təklifinə münasibət bildirərkən deyib.