"Rusiyanın "VTB bank"ının Gürcüstandan getməyi əvvəlcədən həll olunmuş bir məsələ idi. Belə ki, cari ilin fevralın 27-də Gürcüstan mərkəzi bankı "VTB bank"ın lisenziyasını xitam vermişdi. Bu addımı isə onunla əsaslandırmışdı ki, Rusiya sanksiyalara məruz qalması fonunda "VTB bank" riskli banklardan biri hesab olunur. Ancaq hesab edirəm ki, bu qərarda həm də siyasi motivlər var idi".
Bunu Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

E.Kərimli bildirib ki, "VTB bank"ın Azərbaycandan da getmək kimi bir təhlükəsi yoxdur: "Bu bankın bir çox postsovet, MDB ölkələrində filialları var. Bankın, hətta Çində və digər xarici ölkələrdə olan filialları da fəaliyyətlərini davam edirlər. Hazırda sözsüz ki, Rusiyaya, eləcə də Rusiyanın bank sektoruna tətbiq edilən sanksiyalar bu ölkənin banklarının fəaliyyətini məhdudlaşdırır. Ancaq yenə də hesab edirəm ki, MDB ölkələrində Rusiya banklarının elə bir riskləri yoxdur, çünki burada onların fəaliyyəti ilə bağlı hər hansı əhəmiyyətli bir məhdudiyyət yoxdur. Təcrübə onu göstərir ki, hazırda Rusiya banklarına qoyulan məhdudiyyət yumşalmaq üzrədir. Elə ABŞ prezidenti Cozef Bayden də bu yaxınlarda qeyd etmişdi ki, dekabra qədər bəzi enerji hesablaşmalarında Rusiya banklara qoyulan məhdudiyyətlər müvəqqəti olaraq aradan götürülür".
Leyla