Xaçmazda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Marat Mirzəyev, onun qızı Reyhan Mirzəyeva, qohumu Samir Mirzəyev və Murad Qazıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd: Bu ilin yanvarında Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəbəkə aşkarlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xudat şəhər sakinləri Marat Mirzəyev, onun qızı Reyhan Mirzəyeva, qohumu Murad Qazıyev və Samir Mirzəyev saxlanılıblar. Saxlanılan zaman onların üzərindən hazır bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Daha sonra isə əməliyyatçılar həmin şəxslərin yaşadıqları mənzillərə baxış keçiriblər. Evə baxış zamanı oradan əlavə olaraq metamfetamin və heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Kamal Məmmədov