Azərbaycanda Aİ-95 markalı benzinin bahalaşacağı gözlənilir. Bildirilir ki, dünya bazarında neftin qiymətindəki volatillik yanacaq növlərinin də qiymətinin yüksəlməsini şərtləndirir. Ekspertlərin rəyinə görə, Azərbaycan Aİ-95 markalı benzin istehsal etmir, xaricdən alır, dünyada Aİ-95-in qiyməti qalxdığına görə, Azərbaycan da həmin növ yanacağın qiymətini artırmağa məcburdur. Mövzunu “APA-Economics”ə şərh edən neft-qaz sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, Aİ-95 markalı benzinin qiyməti sonuncu dəfə ötən ilin sentyabrın 15-də artırılıb.
“Həmin dövrdə neftin dünya bazarında qiyməti 73-75 dollar arasında dəyişirdi. Son on ay ərzində neftin qiyməti 50% artıb. Bu da bahalaşmanı labüd edir. 2014-cü il aprelin 1-dən etibarən Azərbaycanda yüksək oktanlı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Belə olan halda benzinin qiymətinin sabit qalması təəccüblüdür. Reallıq ondan ibarətdir ki, qanunla olmasa da, dövlət qiyməti öz resursları hesabına tənzimləyib”, - deyə o qeyd edib.
Ekspert bildirir ki, artıq Avropa ölkələri tamamilə Aİ-95 markalı benzindən istifadəyə keçib. İstehsalçılar Azərbaycana gətirilən yeni avtomobillərlə bağlı da Aİ-95 markalı benzindən istifadə tələbi qoyur:
“Azərbaycana gətirilən Çin avtomobilləri ilə bağlı da istehsalçılar Aİ-95 markalı benzindən istifadə tələbi qoyub. Yəni, Ai-92 markalı benzindən getdikcə imtina edilir”.