Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Amil İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 7 il, 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd: 2021-ci il sentyabrın 25-i saat 22 radələrində Göygöl rayonu, Hacıməlik qəsəbəsində 1987-ci il təvəllüdlü Azər Məhərrəmova bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş qayınatası Amil İbrahimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Azər Məhərrəmova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Amil İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
O, məhkəmədə ifadəsində bildirib ki, Azər Məhərrəmov tez-tez spirtli içkilər qəbul edib evə gec gəldiyinə görə qızı Gülnarla aralarında narazılıqlar olub:
“Mən bir neçə dəfə Azərin Gülnarla dalaşmasına görə onda polisə şikayət etmişəm. Buna baxmayaraq, Gülnar Azərdən şikayətçi olmayıb Azərlə barışdı. 2010-cu ildə Gülnar rəsmi olaraq Azərlə boşandı və həmin vaxtdan keçmiş kürəkən uşağına görə qızıma aliment pulu ödəməyə başladı. Lakin bir müddət sonra Gülnar Azərlə barışdı və onlar yenə də qızımın evində yaşamağa başladı. Az bir müddət sonra Azərlə Günay yenidən dalaşdılar. Azər Gülnarı döyürdü. Qızımın belə həyat tərzi keçirməsi mənə və arvadım Şəkərə pis təsir edirdi. Dəfələrlə Azərlə söhbət edirdim, ona spirtli içkilər qəbul etməməsini xahiş etdim. Azərin Gülnarla dalaşıb onu döyməsinin bir valideyn kimi mənə və arvadıma da pis təsir etdiyini dedim. Buna baxmayaraq, Azər spirtli içkilər qəbul etdikdən sonra yenə də öz hərəkətlərini davam etdirirdi.2021-ci ilin sentyabr ayının ortalarında Azər valideynləri evində yaşadığı vaxtlar Gülnarın yaşadığı evin hasarından həyətə girib qızımı qorxutdu. Buna görə mən Azərin anası Zərqələmə zəng edərək oğlu yenə də belə bir hərəkət edərsə onu öldürəcəyimi bildirdim.
Hadisə günü saat 22 radələrində yaşadığım evin mətbəxində arvadım Şəkərlə birlikdə televizora baxırdıq. Bu vaxt mətbəxin küçə tərəfdən pəncərəsinin döyüldüyünü eşitdim. Pəncərədən baxdıqda Azərin olduğunu gördüm və Şəkər mənı çölə çıxmamağımı, özünün ona yola salacağını deyib həyətə getdi. Mən də Şəkərin arxasınca həyət qapısına tərəf getdim. Qapı açılarkən Azər həyətə girdi. O, “sən məni öldürəcəksən, gəlmişəm, öldür” dedi. Sonra mənim və Şəkərin ünvanına nalayiq söyüşlər söyməyə başladı. Bu zaman Azərin spirtli içki qəbul etiyini, sərxoş olduğunu gördüm. Azərlə əlbəyaxa oldum. O, məni yerə yıxıb həyət boyunca sürüdü. Həmin vaxt arvadım Şəkər məni Azərin əlindən almağa çalışsa da, o, burxmadı. Sonra Azər məni həyət qapısının yanına gətirib üstümə uzanmış vəziyyətdə boğazımdan tutdu. Bu zaman mən giriş qapısının yanındakı ərzaq stolunun üstündə olan bıçağı götürüb Azərin bədəninin sağ yuxarı nahiyəsinə bıçaqla bir zərbə vurdum. Bu vaxt o, hər iki əli ilə vurduğum yeri tutdu. Daha sonra mən bıçaqla Azərə aşağıdan yuxarı bir neçə zərbə vurdum. Həmin vaxt qonşularımız da həyətə daxil oldu və bizi ayırdı. Sonra mən DİN-in “102 xidməti”nə zəng edib Azəri bıçaqladığım barədə məlumat verdim”.
İfadəsini davam etdirəm Amil İbrahimov 12 il Azərin hərəkətlərinə dözdüyünü, keçmiş kürəkəninin onun, arvadının ünvanına nalayiq söyüşlər söydüyü deyib: “Lakin onu öldürmək niyyətim olmamışdır”.
Kamal Məmmədov