Azərbaycanda ordu ilə xalq arasında dərin uçurum yaratmaq ölkəmizdəki agenturanın əsas hədəflərindən biri idi. “Tərtər cinayəti”nin həyata keçirilməsini də agenturanın “uğurlu” layihələrindən biri kimi qiymətləndirmək olar. Məqsəd xalqda orduya qarşı dərin inamsızlıq yaratmaq və ölkə rəhbərliyini torpaqların azad olunması ilə bağlı atılan addımlardan çəkindirmək idi. Bu niyyət baş tutmadı və Azərbaycan qısa müddətdə öz torpaqlarını işğaldan təmizlədi.
Müharibədən sonrakı mərhələ...
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti bütün resurslarını şəhid ailələrinin və qazilərin problemlərinin həllinə yönəltdi. Müharibənin fəsadlarının aradan qaldırılması əsas prioritet kimi bu gün də hökumətin qarşısında əsas məsələ kimi qoyulub. Ancaq biz bilirdik ki, qazilərin, şəhid ailələrinin problemlərindən istifadə edən xeyli sayda mənfur qüvvələr bu dəfə yeni formatda peyda olacaqlar. Belə də oldu. Müharibədən sonra - bu günə qədər Azərbaycanda 35 qazi intihar edib, əksəriyyəti də yerli icra strukturlarının diqqətsizliyindən şikayət edərək intihara əl atıblar. İntihar edən qazilərin içərisində müharibədə aldığı ağır psixoloji travmalardan əziyyət çəkən şəxslər də az deyil. Qazilərin intiharları üzərindən dövlətin üzərinə yeriyən bir çox qüvvələr isə yeni fürsət imkanı əldə ediblər.
Həndəsi silsilə ilə artan intihar və narazılıqlar...
Proseslər göstərir ki, qazilərin intiharlarının, şəhid ailələrinin problemlərinin süni şəkildə qabardılmasında maraqlı olan qüvvələr var. Prosesi sistemli və “sosial dayaqlar” üzərində qurublar.
Diqqət ediriksə, şəhid ailələrinin problemləri və qazilərin intiharları ilə bağlı əsasən iki xətt üzrə sistemli iş qurulub:
Birincisi, İrana bağlı qüvvələr qazilərin intiharlarından dövlətə qarşı istifadə etməyə cəhd göstərirlər. Onlar özlərinin sosial media hesablarında dövlət əleyhinə çağırışlar edərək Azərbaycanda “ədalətli” dövlətin qurulmasınını vacibliyindən danışırlar.
İkincisi, öz antimilli addımlarını “Qərbə inteqrasiya” nağılları ilə ört-basdır edən, 30 ildir Rusiyanın ölkəmizdəki əsas təbliğatçı ruporlarına çevrilən müxalif partiyalar qazilərin intiharlarından özlərinə “bufer” seçiblər.