Qazilərlə bağlı məsələlərdə hər kəs diqqətli olmalıdır. Hökumət də, sadə vətəndaşlar da əllərindən gələni etməlidirlər ki, bu problemlər həllini tapsın. Bir neçə gün öncə, Sabirabadda qazi Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi hər kəsi sarsıtdı.

Qazinin intiharı sıradan bir intihar deyil. Ərazi bütövlüyümüzü onların hesabına bərpa etmişik, gözlərini qırpmadan düşmənin üzərinə yeriyiblər, qanları torpağa tökülüb. Yəni bu məsələdə məsuliyyət hamımızındır. Elvin Cəfərovun son sözlərini çəkməkdənsə, onu bu yoldan daşındırmaq olardı, problemi ictimailəşdirmək, həllinə nail olmaq lazım idi. Bəzi “Youtube” kanalları növbəyə düzülüblər, baxış bir qədər çox olsun deyə, bütün yollara əl atırlar. Hamısı "jurnalist" adı altında cəmiyyətə meydan oxuyurlar. Sosial şəbəkələrdə müxalifət də bir yandan... Elə ötən gün Ağdaşda qazi Elvin Məmmədovun intihar etməsi ilə bağlı informasiya yayıldı. Sanki məqam gözləyirlər. Yanlış məlumatın doğuracağı vəziyyəti anlamaq bu qədərmi çətindir?

Dəqiqləşdirmədən tənqidə başladılar. Sonradan məlum oldu ki, məsələ deyilən kimi deyilmiş... Başa düşmək lazımdır ki, bu, milli məsələdir, məsuliyyət konkret kiminsə deyil, hamımızın üzərindədir. Seçki marafonu deyil ki vəziyyətdən istifadə edəsən... Qazilərlə dövlət arasında uçurum yaratmağa cəhd göstərilməsi yolverilməzdir. Bir müddət öncə, ictimai fəal Abid Qafarov qaziləri “müti” adlandırdı, məhkəmə qaydasında həbs edildi. Qəhrəmanlarla bağlı hər hansı situasiyadan şəxsi maraqlar naminə istifadə etmək olmaz. Siyasi mübarizəni başqa cür aparın. Baxın Türkiyə nümunəsinə, xalqın qazilərə münasibətini görürsünüz. Ümumiyyətlə, Qalib ordunun qaziləri ən yüksək diqqətə layiqdirlər, onlar həmişə haqlıdırlar, vəssalam. Prezident İlham Əliyev də bunu bir neçə dəfə vurğulayıb.

Dövlət başçısı bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir: “Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir. Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər, sözün əsl mənasında, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır”.
Ali Baş Komandanın mövqeyi ortadadır. Vətən Müharibəsində necə birlik əldə edib, qalib gəldiksə, indi də mövcud problemlərin öhdəsindən o cür gəlməliyik. Azərbaycan Qarabağın minalardan təmizlənməsi, yenidən qurulması, eləcə də Sülh sazişi üzərində iş aparır. Qardaş Türkiyə dövləti bu məsələlərdə Azərbaycanın yanındadır. Daxili problemlərin olması sadalanan məsələləri ləngidə bilməz, hamımız “əlimizi daşın altına qoymalıyıq”, qaziləri - yaşayan qəhrəmanları qorumalıyıq. Gücümüz həmrəyliyimizdir.
Tərlan Kərimbəyli