Qırğızıstanda bir din xadimi ölkə bazarlarında ətin qiymətinin kəlləçarxa çıxmasını qadınların bədənlərini daha çox açaraq özlərini “ucuzlaşdırması” ilə əlaqələndirib.
“Bilirsiz şəhərdə ət niyə bahalanır? Qadın əti ucuzlaşdığı üçün bahalanır. Qadınlar bədənlərini açanda, budlarını əlin baş barmağı kimi ortaya qoyanda onların əti ucuzlaşır”, – Sadibakas Doolov bu ayın əvvəlində paytaxt Bişkekdə bir mərasimdə deyib.
İslam universitetinin rəhbəri olmuş, mükafat almış molla ağsaqqalları “bu biabırçılığı” dayandırmağa, qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb.
53 yaşlı Doolovun moizəsinin videosu sosial videoda yayılandan sonra əsasən müsəlman ölkəsi olan Qırğızıstanda buna qəzəbli reaksiya verilib. Bəziləri mollanı qadınları təhqir etməkdə, onlara qarşı ayrı-seçkilikdə suçlayıb, cinayət işi açılmasına çağırıblar.
Ancaq ölkənin ali dini orqanı mollanı müdafiə edib, onun hansısa qaydanı pozmadığını bildirib. Qırğızıstan Müsəlmanlarının Dini İdarəsi (DUMK) Doolovun qalmaqallı çıxışı üzrə araşdırma aparıb.
Dövlətin dəstəklədiyi qurum bildirib ki, araşdırma Doolovun islam qaydalarını pozmadığını, kiminsə şərəf və ləyaqətini təhqir etmədiyini, siyasətə qarışmadığını üzə çıxarıb. Mollanın sözləri məhz bu üç kriteriya əsasında araşdırılıb. Molla 2020-ci ildə DUMK-nın nüfuzlu Aikol medalına layiq görülüb. Qurum Doolovun çıxışının sadəcə bir çoxları tərəfindən yanlış anlaşıldığını bildirib.
Bu araşdırmadan öncə isə iki qırğız fəal təhqiqat başladılması üçün hüquq-mühafizə orqanlarına rəsmi müraciət ediblər. Doolov özü 30 dəqiqəlik moizədə dediklərinin kontekstdən çıxarıldığını, tənqidçiləri tərəfindən yanlış yozulduğunu deyib.