“Hər bir dövlətin başqa dövlətlə ikitərəfli münasibətləri, əlaqələri ola bilər. Görünür, İranın Ali rəhbəri Seyid Əli Xamenei bu məsələdə ikitərəfli münasibətlərə üstünlük verir. Dəfələrlə bu məsələni qaldırmışıq ki, Ermənistan tərəfindən Azərbaycanın milli-mənəvi, tarixi mərkəzləri, məscidləri dağıdılıb. Cənab Prezident İlham Əliyev ötən gün Avropa Parlamentinin üzvləri ilə görüşündə bildirdi ki, 67 məsciddən 65-i yerlə-yeksan edilib, təhqir olunub, bu məscidlərdə donuzlar saxlanılıb. Əlbəttə, hər bir dövlətin müstəqil xarici siyasəti var. Bu siyasət dövlətin öz maraqlarına xidmət etməlidir. Görünür, İranın da maraqlarına bu cür siyasət xidmət edir. Ona görə də Xamenei bu bəyanatla çıxış edib. İranda baş tutan görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın mövqeyini çox yüksək səviyyədə dəstəklədi, Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret olaraq fikirlərini bildirdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Zəngəzur dəhlizi qəti şəkildə İranla Ermənistan sərhədinin bağlanması demək deyil: “Bu, ümumi qəbul olunmuş, dünyanın aparıcı dövlətləri tərəfindən təsdiqlənmiş marşrutdur. Zəngəzur dəhlizinin açılmasına Ermənistan 3 protokolda razılıq verib. Rusiya da razılığını bildirib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel keçirilən üçtərəfli görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb. Avropa İttifaqı üçün də bu dəhlizin əhəmiyyəti qeyd olunub. Son dövrlərdə Orta Asiya ölkələrinin, o cümlədən türkdilli ölkələrin Zəngəzur dəhlizindən istifadəsi zərurətə çevrilib. Bu dəhlizdən istifadə ilə bağlı hər biri razılığını bildirib. Region dövlətləri də buna razıdır. İlkin olaraq, İran özü də Azərbaycanla Türkiyənin təklif etdiyi 3+3 formatını dəstəkləmişdi. Müəyyən danışıqlar da aparılmışdı, müqavilələrin imzalanması nəzərdə tutulurdu. Ermənistan bu prosesi uzatdı. İranın ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu da imzalamışıq. Bu, heç də Zəngəzur dəhlizini kölgədə saxlamır. Laçın və Zəngəzur dəhlizləri ilə bağlı məsələ paralel gedir. Əvvəl-axır bu dəhliz açılmalıdır. Bu, 10 noyabr bəyanatında da, ondan sonra keçirilən üçtərəfli görüşlərdə də razılaşdırılıb. Azərbaycanın Ermənsitana təklif etidiyi 5 baza prinsipində də şərtlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır”.
Aytəkin Qardaşova