“Bu gün Cənab Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul etdi, onlara öz tövsiyə və tapşırıqlarını açıq, şəffaf şəkildə ictimaiyyət qarşısında verdi. Cənab Prezident tək icra başçılarına yox, eyni zamanda əhaliyə, ictimaiyyətə müraciət etdi. Konkret rüşvətxorluğun, korrupsiyanın, məmur özbaşınalığının, xalqı narazı salan digər elementlərin olmaması barədə ciddi tapşırıqlar verdi. Dövlət başçısı yeni təyin olunmuş icra başçılarının vəzifə borclarını hansı istiqamətdə həyata keçirmələri, ən əsası kəndlərdə, yaşayış məntəqələrində əhalinin bütün təbəqələri ilə görüşlər keçirmələri, sıx təmasda olmaları, sosial-iqtisadi problemləri müəyyənləşdirmələri məsələsinə diqqət çəkdi. Bildirdi ki, elə məsələlər var, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. İcra başçıları bununla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlara müraciət etməlidirlər ki, problemlər həllini tapsın. Cənab İlham Əliyev cəmiyyətdə mövcud olan neqativ elementlərin tam aradan qaldırılmasını da vurğuladı. Xüsusi olaraq bildirdi ki, Azərbaycanın inkişaf etdiyi, Qarabağ kimi çətin bir problemi həll etdiyi dönəmdə qələbəmizə hansısa ayrı-ayrı məmurların şəxsi maraqlarına uyğun şəkildə kölgə salmalarına imkan vermək olmaz”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
