Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Xəyanətə görə arvadına xəsarət yetirən şəxs özünə 20 bıçaq zərbəsi vurubmuş

1 090
Paylaş:
Xəyanətə görə arvadına xəsarət yetirən şəxs özünə 20 bıçaq zərbəsi vurubmuş

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Namiq Rəsulovun məhkəməyə verdiyi ifadəsi məlum olub.


Pravda.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə o, ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilib.


Namiq Rəsulov dindirilən zaman deyib ki, 2004-cü ildə zərərçəkmiş şəxslə - həyat yoldaşı Fərqanə Rəsulova ilə “Çinici” mağazasında birlikdə işləyən zaman tanş olub və həmin vaxtdan da bir-birlərini sevib evləniblər:


“Evləndikdən sonra çox mehriban yaşayırdıq. Bizim birgə nikahdan bir qız və bir oğlan övladımız doğuldu. Fərqanəni çox sevirdim və hazırda da sevirəm. Heç vaxt Fərqanənin xətrinə dəyməmişəm. Mən bir ailə başçısı kimi həmişə ona dəstək olmağa və həya yoldaşımı xoşbəxt etməyə çalışmışam. 2020-ci ilin əvvəllərində Fərqanə mənim telefonunda vatsapda başqa bir qadınla yazışmamı gördü. Həmin vaxtdan etibarən o, mənim bu yazışmamı özünə xəyanət kimi qəbul etdi. Bundan sonra bizim münasibətlərimiz soyudu. Mən öz səhvimi başa düşərək dəfələrlə Fərqanədən üzr istədim. Lakin səhvim Fərqanəyə çox pis təsir etdiyindən o, məni bağışlamaq istəmədi. Bu minvalla aramızda soyuqluq yarandı. Mən dəfələrlə Fərqanə ilə barışmağa cəhd etsəm də, o, rədd edirdi. Lakin bu müddət ərzində bir evdə yaşayırdıq. 2021-ci ilin mart ayında Fərqanə qadınlar üçün nəzərdə tutulan idman zalında (pilates mərkəzində) işə düzəldi. Onun işi ürəyimcə olmadı. Mən Fərqanənin həmin yerdə işləməsini istəmədim. Amma arvadım orada işləmək istədiyindən mən yenə də Fərqanənin xətrinə dəymədim və çalışmasına etiraz etmədim.


Sonra Fərqanə tez-tez məndən küsürdü və uşaqları da götürüb acıq edib anasıgilə gedirdi. 2021-ci ilin may ayında o, növbəti dəfə uşaqları da götürüb anasıgilə getdi. Fərqanə anasıgildə qaldığı müddət ərzində boşanmaq üçün ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət etdi. Lakin yenə də bütün gücümlə Fərqanə ilə barışmaq və birlikdə mehriban yaşamaq üçün çalışırdım. Bu səbəbdən də onun anasıgilə gedərək arvadımla danışdım və evimizə qayıtmasını xahiş etdim. Lakin həmin gün Fərqanə evə qayıtmadı. Bundan sonra 3-4 dəfə həyat yoldaşımla danışdım və sonda Fərqanə evə qayıtmağa razı oldu. Mən də Fərqanəni uşaqlarla birlikdə götürüb evimizə qayıtdım. Onlar evdə təxminən 4 gün qaldılar. Bu müddət ərzində dəfələrlə Fərqanədən gedib məhkəmədən ərizəsini geri götürməsini xahiş etdim. Lakin Fərqanə boşanmağa israrlı olduğundan ərizəni geri götürməyəcəyini bildirdi. Arvadımın boşanmaq istəməsi məni pis vəziyyətə saldı. Çünki ailəmə bağlı adamam. Balalarımı və arvadımı çox sevirəm. Boşanmağımız bizim uşaqların da gələcəyinə pis təsir edəcəyindən dəfələrlə Fərqanədən gedib ərizəsini geri götürməsini xahiş edirdim. Lakin o, ərizəni geri götürmək istəmədi”.


Təqsirləndirilən şəxs cinayəti törətdiyi hadisə günündən də danışıb:


“Səhər vaxtı Fərqanə yuxudan duraraq işə getməyə hazırlaşırdı. O, mətbəxdə olduğu vaxt arvadıma yaxınlaşaraq, bir daha dedim ki, “məhkəmə iclasının vaxtına az qalıb, nə qədər gec deyil, get ərizəni geri götür. Ayıbdır, bizim uşaqlarımız var”. Fərqanə isə fikrinin qəti olduğunu və ondan boşanacağını bildirdi. Bizim yanımızda həmin vaxt heç kəs yox idi, ikiz idik. Səhər vaxtı olduğundan uşaqlar öz otaqlarında yatırdılar. Sonra Fərqanə qonaq otağına keçdi. Mən də onun arxasınca gedərək növbəti dəfə ondan gedib ərizəsini məhkəmədən götürməsini xahiş etdim. Lakin bu dəfə də arvadım kobud şəkildə ondan boşanacağını söylədi. Bu vaxt gözüm masanın üzərindəki meyvə doğramaq üçün qoyulmuş bıçağa sataşdı. Mən əsəblərimi cilovlaya bilmədim və anidən həmin bıçağı götürərək Fərqanəyə zərbə endirdim. Hadisə vaxtı özümdə deyildim. Arvadıma neçə dəfə zərbə endirməyimi xatırlamıram. Lakin Fərqanəyə bıçaqla xəsarət yetirdikdən sonra duruxmuş vəziyyətdə idim və bu vaxt o, otaqdan çıxaraq bloka qaçdı.


Əgər onu öldürmək fikrim olsaydı, Fərqanənin bloka çıxmasına imkan verməzdim və həmin vaxt arvadıma zərbələr endirərdim. Lakin Fərqanə evdən bloka çıxanda heç nə etmədim. Əlimdəki bıçağı qonaq otağında ataraq su içmək üçün mətbəxə keçdim. Həmin vaxt şok vəziyyətində idim. Mətbəxdə olarkən Fərqanənin blokda qonşuları çağırdığını eşitdim. Həmin vaxta qədər nəyin baş verdiyini dərk etmirdim. Bir anlıq baş verənləri dərk edərək ölmək istəyirdim. Çünki dünyada ən çox sevdiyim adama xəsarət yetirmişdim. Bundan sonra Fərqanə mənimlə barışmayacaqdı. Ona görə də mətbəxdə olan bıçağı götürərək özümə 20-yə yaxın xəsarət yetirdim. Çünki ölmək istəyirdim. Həmin vaxt etdiyim səhvi başa düşmüşdüm. Ən çox Fərqanənin boşanmasından qorxurdum. Heç vaxt Fərqanəni öldürmək istəməmişəm. Özümə çoxsaylı xəsarət yetirdikdən sonra huşumu itirdim. Sonra özümə gələndə xəstəxanada olduğumu və üzərimdə əməliyyat keçirildiyini öyrəndim. Hazırda isə Fərqanə ilə barışmışam. Onun mənə qarşı heç bir şikayət və tələbi yoxdur”.


Namiq Rəsulov ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.


Qeyd: Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər