Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pravda.az-ın xəbərinə görə, telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.