Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq Avstriya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı bir çox Avropa şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiklərini deyərək Avstriya şirkətlərinin də həmin ərazilərdə tikinti, infrastruktur və digər sahələrdə fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına toxunan Prezident İlham Əliyev Avstriyanın bu əməkdaşlığı daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin səfərinin önəmini qeyd etdi və səfər çərçivəsində imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında eyni zamanda nəqliyyat, ticarət, yüksək texnologiyalar, turizm, kənd təsərrüfatı, tikinti sahələrini də qeyd etdi.