Azərbaycanda köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Bu qərar “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.
Məlumdur ki, avtomobil parkını yeniləməyə çalışsaq da, hələ ki dövriyyədə olanların əksəriyyəti istismar müddətini keçib. İnkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi məsələsinə ciddi diqqət yetirilir, ətraf mühit üçün problem yaratdıqda, istismardan çıxarılır. 2030-cu ilə qədər Azərbaycanın da təmiz ətraf mühit ölkəsinə çevrilməsi planlaşdırılır. Plana əsasən, əsas hədəflərdən biri də ekoloji təmiz avtomobillərdən istifadəni artırmaq, “qoca”ların istismarını məhdudlaşdırmaqdır.
Bəs bu proses necə olacaq? Qiymət fərqi necə tənzimlənəcək? Köhnə avtomobilin istifadəsi necə məhdudlaşdırılacaq?
Məsələ ilə bağlı “Kaspi” qəzeti maraqlı yazı hazırlayıb.
Dövlətin əsas məqsədlərindən biri
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, prezidentin imzaladığı 2022-2026-cı illərin sosial inkişaf strategiyası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i əsaslandıran strategiyadır. Yəni əsas hədəf 2030-cu ildir. Bu hədəfə çatmaq üçün 2022-2026-cı illər ərzində müəyyən işlər həyata keçirilməlidir: “Azərbaycanın 2030-cu ilə qədər “yaşıl artım” və təmiz ətraf mühit ölkəsinə çevrilməsi planlaşdırılır. Bunun üçün də dövlətin qarşısında bir neçə məqsəd dayanır. Bunlardan biri Azərbaycanda ekosistemin yaxşılaşdırılmasıdır. Bunun üçün ilk növbədə atmosferə buraxılan karbon qazının miqdarının azaldılması istiqamətində konkret addımlar atılmalıdır”.
“Kredit şərtləri sadələşdirilməlidir”
Mütəxəssisin sözlərinə görə, növbəti mərhələdə ekoloji təmiz avtomobillərin rüsumlardan azad olunması tətbiq ediləcək: “Bu avtomobillər ölkəmizə idxal olunarkən rüsumlar sadələşdirilməli və vətəndaşlar üçün əlçatan olmalıdır. Ondan sonrakı mərhələ bu növ avtomobillərə verilən kredit şərtlərinin sadələşdirilməsidir. Nazirlər Kabineti yanında biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın müxtəlif alt qrupları var. Alt qruplarda mütəmadi olaraq bu mövzu ilə bağlı müzakirələr aparılır. Hətta Yol xəritəsində də 2022-ci il ərzində ekoloji təmiz avtomobillərin ölkəmizə gətirilməsi, istismarının stimullaşdırlması, elektromobillər üçün infrastrukturun yaradılması, vətəndaşlar üçün qiymətlərin əlçatan olmasının təşkil edilməsi üçün konkret bəndlər mövcuddur. Bu addımlar artıq atılır. Bu ilin əvvəlindən ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillər əlavə dəyər vergisindən azad edildi. Qiymətlər endirilib və artıq bu avtomobillərə vətəndaşların marağı artıb”.