Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir Dipuo Berta Letsatsi-Duba etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib.
Ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, ticarət, investisiya sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, vurğuladı ki, siyasi sahədə təmasların çox yaxşı səviyyədə olmasına baxmayaraq, iqtisadi-ticari göstəricilər aşağı həddədir. Dövlətimizin başçısı bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan istifadə ediləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın Afrika qitəsi ölkələri ilə münasibətlərinin daha da genişləndirildiyini deyən Prezident İlham Əliyev Qoşulmama Hərəkatında əməkdaşlığımızı vurğuladı. Ölkəmizin bu təşkilat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində çox ciddi səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin keçirilməsini bunun yaxşı nümunəsi kimi dəyərləndirdi.