Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Pravda.az xəbər verir ki, nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.
Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə yaxşı təmasların mövcud olduğunu bildirərək, Koreya Parlamenti sədrinin Azərbaycana səfərini məmnunluqla xatırladı və So Byoq Sunun səfərinin də əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd etdi.
Prezident İlham Əliyev Koreya şirkətlərinin uzun illər Azərbaycanda çox uğurla fəaliyyət göstərdiklərini, bir neçə önəmli sənaye layihəsini icra etdiklərini və inşaat sektorunda da çox fəal olduqlarını, Bakının bir neçə “göydələn”inin memarlığının da Koreya şirkətləri tərəfindən təqdim edildiyini dedi.
Dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrin daha da fəalllaşmasının zəruriliyini bildirdi, parlamentlərlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafında rolunu vurğuladı.
Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda dağıntılar, vandallıq aktları törətdiklərini, şəhərlərimizi və kəndlərimizi tamamilə məhv etdiklərini bildirdi, hazırda həmin ərazilərdə Azərbaycanın genişmiqyaslı bərpa və yenidənqurma layihələrini həyata keçirdiyini dedi, Koreya şirkətlərinin müasir texnologiyalar vasitəsilə bu işlərə töhfə verə biləcəyini qeyd etdi.
So Byoq Sun Koreya Respublikasının Prezidenti Yun Sok Yolun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Koreya Prezidenti Azərbaycana böyük marağının olduğunu vurğulayıb.