Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, Adis Alagiç etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
İkitərəfli əlaqələrə toxunan dövlət başçısı Bosniya və Herseqovinanın rəhbərləri, o cümlədən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçlə görüşlərini məmnunluqla xatırladı və ona salamlarını çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bu görüşlərdə çox səmimi və səmərəli müzakirələrin aparıldığını dedi.
Dövlətimizin başçısı Ermənistanın işğalı zamanı və Qarabağın azad edildiyi dövrdə Bosniya və Herseqovinanın Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdi və bunu ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatında da göstərilən qarşılıqlı dəstəyin önəmini qeyd etdi.
Səfir ilk növbədə Bosniya və Herseqovina rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.