2022-ci ilin 10 sentyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Onlar arasındakı 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib.
XİN-dənPravda.az-a verilən xəbərə görə, repatriantların ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində reallaşıb. İlk öncə onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit keçidi təmin olunub.
İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının daxil olduğu işçi qrupun Türkiyə Respublikasına ezam edilmiş nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib.