Ermənistan 12-13 sentyabr təxribatları ilə son 22 ayda irəliyə doğru gedən prosesi tormozladı, Azərbaycanın tərtib etdiyi sülh gündəliyini zədələdi. Xüsusilə ilin sonunadək imzalanması gözlənilən sülh sazişi təhlükə altındadır. Ermənistanın təxribatının nəticəsində Azərbaycan 77 nəfər şəhid verib, cəmiyyətdə ermənilərə qarşı qəzəb ikiqat artıb. Eyni zamanda ermənilərin təxribatına layiqli cavab verən Azərbaycan Ordusu qeyri-rəsmi rəqəmlərə görə, 200-dən artıq erməni hərbçini məhv edib, yüzlərlə yaralıları var, düşmənin döyüş sahəsindəki texnikaları darmadağın edilib.
Elə baş nazir Nikol Paşinyan hökumətin toplantısında etiraf edib ki, sərhəddəki son toqquşmalar nəticəsində 135 erməni hərbçi ölüb. Ancaq onun sözlərinə görə, ölənlərin sayının dəqiqləşdirilməsi davam edir və bu, son deyil. Paşinyan çoxsaylı yaralıların olduğunu da diqqətə çatdırıb. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə xeyli sayda erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan ilkin olaraq 49 itkinin olduğunu açıqlasa da sonradan bu rəqəmin 135 olduğunu açıqladı. Yerli media və ekspertlər ölü sayının daha çox olduğunu iddia edir.
Azərbaycan Beynəlxalq Qızıl Xaç Təşkilatına müraciət edərək, Ermənistan ordusuna məxsus 100-dək meyiti birtərəfli qaydada təhvil verməyə hazır olduğunu bildirmişdi. Göründüyü kimi, Ermənistan cəmi bir neçə saat çəkən döyüşlərdə çoxsaylı itkilər verib, hətta onların sayının 400-500 arasında olduğu bildirilir. Belə bir durumda da Ermənistandakı revanşistlərin meydana çıxması, hətta “xain”, “satqın” adlandırdıqları Paşinyanı dar ağacından asmağa hazır olmaları heyrət doğurur. Qarabağ canilərindən olan keçmiş müdafiə naziri Seyran Ohanyan isə ölkədə hərbi vəziyyətin elan olunmasını təklif edib və növbəti dəfə müharibəyə çağırıb. Şuşa azad olunan ərəfədə oğlu ilə birgə siçan kimi Qarabağdan qaçıb, canını qurtaran Ohanyan səhnənin boş olduğunu gördükdə yenidən meydana çıxmaq istəyir. Maraqlıdır ki, 15 sentyabr gecəsi etirazçılar eks-prezident Robert Köçəryanın ofisi qarşısına toplaşıb, onu səsləsələr də, ondan cavab ala bilməyiblər. Görünür Köçəryan indiki halda Ermənistan rəhbərliyinə gəlməyin nə qədər riskli olduğunu yaxşı anlayır. Xüsusilə də Azərbaycan Prezidentinin Sərkisyan-Köçəryan cütlüyünə ünvanlı sərt xəbərdarlıqlarını da unutmuş deyil ermənilər.
Ermənistandakı etirazlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərən N.Paşinyanın durumunu qısaca belə ifadə etmək olar: “Həm qorxur, həm də qorxutmağa çalışır”. Budur, Ermənistanın baş naziri cümə günü hökumətin iclasında bildirib ki, ölkədə hərbi vəziyyətin tətbiqini, səfərbərliyin elan olunmasını hələlik məqsədəuyğun hesab etmir. Paşinyan qeyd edib ki, Təhlükəsizlik Şurasının iclasında hərbi vəziyyətin tətbiqi məsələsi müzakirə olunub. “Lakin belə qənaətə gəldik ki, hazırda hərbi vəziyyət elan etməyə ehtiyac yoxdur”. Bununla belə Paşinyan müharibə tərəfdarı olanlara da xitab edib. Onun sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının iclasında qərara gəlinib ki, könüllülər yerli hərbi komissarlıqlara müraciət etsinlər. “Əllərinə silah götürmək istəyənlər adi qaydada yerli hərbi komissarlığa müraciət edə bilərlər”, - deyə o bildirib.
Faktiki olaraq Ermənistan öz revanşizminin məngənəsinə düşərək çabalayır. Nəticə isə faciəvidir. Belə bir vəziyyətdə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb ki, sərhəddəki gərginliyə baxmayaraq, sülh sazişi üzrə iş dayanmayıb. “Bu, başlıca prioritetdir. Rusiya tərəfi lazımi köməkliyi göstərir. Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də İrəvanda səfərdə olub. Hər iki səfərdə əsas mövzu sülh sazişinin müzakirəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa səy göstəririk. Sizi əmin edirəm ki, bu səylər davam edəcək”, - deyə XİN sözçüsü Mariya Zaxarova vurğulayıb. Məsələnin maraqlı tərəfi həm də budur ki, 14 sentyabr axşamı Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan da açıqlama verdi ki, bu ayın sonlarına doğru azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, sülh danışıqları davam edəcək, sülh müqaviləsinin layihəsi müzakirə olunacaq. Paşinyanın verdiyi (sonradan geri çəkdiyi) açıqlama da sülhyönlü idi... Bütün bunlar anormallıq deyilmi? Necə, həm təxribat edib, vuruşasan, həm də sülh gündəliyi üzrə prosesin içərisində olasan. Bu arada, Rusiya adına Zaxarovanın verdiyi açıqlama da sual doğurur. Rusiya nə demək istədi? Yəni işarə edir ki, sülh prosesi yalnız ondan asılıdır? İkincisi, son baş verənlərdən sonra sülh danışıqlarını bərpa edib, tezliklə saziş imzalamağa nail olmaq mümkündürmü? Bu nə dərəcədə realdır? Qarşılıqlı aqressiya dövründə bunu necə tənzimləmək olar? Hansı vədlər, şərtlərlə? Rusiya təminat verə bilərmi ki, danışıqların hansısa mərhələsində Ermənistan yenidən diversiyalara başlamayacaq? Ön şərt kimi birinci belə öhdəlik qoymaq olarmı Ermənistanın üzərinə?