“Axı əbədi düşmənçilik ola bilməz. İngilislərlə fransızlar arasında düz 100 il qarşıdurma olub. İndi fikir verin hansı münasibətlər yaranıb, nə qədər fərq əmələ gəlib. Yəni belə şeylərə ümidsiz baxmağın mənası yoxdur. Qonşuyuq. Heç birimiz bu bölgədən köçüb gedəsi deyilik. Başa düşürsünüz? Ona görə də dil tapıb, müəyyən dərəcədə münasibətləri normallaşdırmaq lazımdır. Düşmənçilik şəraitində yaşamağın nə mənası var ki? Düşmənçilik şəraitində yaşayanda inkişafdan da qalırıq, daim narahatlıq olur, qonşuluqda vəziyyət ağır olanda bu, sənin də evində vəziyyətə təsir edir. Bütün bunlar nəzərə alınmalıdır. Düşünmürəm ki, Ermənistanla Azərbaycan arasında əbədi düşmənçilik olmalıdır, mən bu fikirdə deyiləm”.
Bu sözləri Pravda.az-a müsahibəsində yazıçı Əkrəm Əylisli deyib.
Yazıçı bildirib ki, Ermənistanda da sülhdən danışan tərəflər var: “Çətin vaxtdır. Bilirsiniz, elə bir vəziyyət yaranıb ki, axı insanlar müxtəlifdir... Biri istəyər səninlə dost olsun, digəri o yandan bir güllə ata bilər. İnsanların hamısını müəyyən çərçivəyə salmaq mümkün deyil axı. Müxtəlif cür düşünənlər ola bilər. Ona görə də düşmən münasibətlərin gələcəyi yoxdur. Bunu bilmək lazımdır. Biz Sovet dövründə ermənilərlə bir yerdə yaşaya bilirdik. Qonşuluq münasibətlərinin yaxşı olması hər iki tərəf üçün yaxşı idi. Qədimdən elə dünyada aran olub, dağ olub. Məsələn, yay vaxtlarında bizimkilər öz sürülərini Ermənistanda otara bilirdilər. Onlar da qış vaxtlarında qışlaq üçün Azərbaycan ərazisindən istifadə edirdilər. Tarix boyu belə münasibətlər olub. Bunun xeyir-bərəkəti olub, ziyanı yox. Ona görə də çox ümidsiz olmaq lazım deyil. İndi onsuz da konfliktlər bütün dünyanı bürüyüb. Elə bir az əvvəl baxdım. Tacikistanla Qırğızıstanın sərhədində dəhşətli hadisələr baş verir. Təsəvvür edin, Qırğızıstan tərəfdən 121 adam zərər çəkib. Götürək Ukrayna-Rusiya münasibətlərini. Bu cür konfliktlərlə dolu olan dünyada o millət qalib çıxacaq ki, özünün ədalətli, geniş ürəkli, öz gələcəyinə ümidli olduğunu sübut etsin. İndiki vaxtda onsuz da düşmənçilik dünyanı götürüb”.