Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 19 ili tamam olub. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinəvə ölkədə sabitliyin qorunmasına verərək Heydər Əliyevin siyasi kursuna səs verdi.
Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir.
İlk dəfə 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev göstərdiyi yüksək siyasi fəaliyyətinə görə sonra xalq tərəfindən iki dəfə də Prezident seçildi. Bu müddətdə İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək, Ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Dünyanın böyü dövlətlərinin başçıları Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuza malik olmasını, ölkədə sabitliyin tam bərqərar olunduğunu və uğurlu idarəetməni nəzərə alaraq, əməkdaşlığa can atırlar.
İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 19 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövlətidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev əminliklə deyir: "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".
Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, iri həcmli maliyyə tələb edən proqramlarla uyğunlaşdıra bilib. Bu iki aspekti isə cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilib.
Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların analizi göstərir ki, Azərbaycan 19 il müddətində sözün həqiqi mənasında nəhəng irəliləyiş əldə edib. Və bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sferalarda aparılan islahatlar bir-birini tamamlayırlar, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına xidmət edir.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
