“Əvvəlcə, bundan başlamaq lazımdır ki, Ermənistan ATƏT-dən niyə bu qədər razıdır? Niyə də razı olmasın? ATƏT-in Minsk Qrupu ilə Ermənistan birlikdə 30 il torpaqlarımızı işğal altında saxladılar. Bu məsələdə Ermənistan nə qədər günahkardırsa, ondan da artıq ATƏT-in Minsk Qrupu günhakardır. Bu, faktdır. Biz heç kimin ünvanına şər-böhtan səsləndirmirik, nə varsa, onu deyirik. Cənab Prezident İlham Əliyev ATƏT-lə bağlı fikrini deyib və nöqtəsini də qoyub. ATƏT-in Minsk Qrupu 28 il ərzində yarıtmaz, ermənipərəst mövqeyi ilə torpaqlarımızın işğal altında qalmasına səbəb olub. Bu gün də Ermənistanın, ermənipərəst Makron və Makronkimilərin təkidi ilə Avropa İttifaqının mülki missiyası Ermənistana sərhəd bölgəsində müşahidə aparmağa gəlir. Üstəlik, Ermənistan ATƏT-i də çağırır ki, gəlsin. Nə qədər ermənipərəst qüvvələr, erməni mafiyasının pulu ilə qidalananlar, erməniyə işləyənlər varsa, ermənilər hamısını dəvət edirlər. Bunların gəlişi bizə heç vaxt xeyir verməyib, bundan sonra da verməyəcək”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
“Həmişə bizə qarşı qərəzli mövqedə olublar. İşğalçı, soyqırımı törədən, vandalizmlə məşğul olan, bütün vəhşilikləri, bəşəriyyətə qarşı cinayətləri törədən erməni olub, amma beynəlxalq qurumlar, Avropa təsisatları həmişə Azərbaycanı hədəf alıb, bizə qarşı şər-böhtan kampaniyası aparıblar. Bu gəlişləri də həmin xarakterdə olacaq. Azərbaycan, təbii ki, bunların hamısının əleyhinədir. Cənab Prezidentimiz sözünü deyib, fikrini bəyan edib. Biz torpaqlarımızı işğaldan azad etmişik, indi də sərhədlər dəqiqləşdirilməli, müəyyənləşməlidir. Bunun üçün də Azərbaycan-Rusiya-Ermənistan arasında komissiyalar yaradılıb və komissiyalar işlərini görməlidirlər”, - deputat bildirib.