Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı Şuşada ermənilər tərəfindən dağıdılmış məscidlərin, hətta kilsələrin olmasına diqqət çəkib. Şeyxülislam bildirib ki, “ermənilər məscidlərimizdə “adını belə çəkmək istəmədiyim heyvan saxlayarkən, təəssüf ki, bəzi müsəlman dövlətlər buna etiraz etmədilər, heç səslərini belə çıxarmadılar”. Allahşükür Paşazadənin konkret dövlətlərin, xüsusilə İranın adını çəkməməsi müzakirələrə səbəb olub.
Ağ Partiyanın sədri Tural Abbaslı Pravda.az-a müsahibəsində Şüyxülislamın bu addımın başadüşülən olduğunu deyib.
“Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın beynəlxalq aləmdə sözü sahibi olan şəxslərindəndir. O, beynəlxalq dini aləmdə bir çəkiyə malik olan adamdır. Beynəlxalq dini konfranslarda, tədbirlərdə Azərbaycanı təmsil edir. Bütün Qafqazın Şeyxi titulunu daşıyır. Bu baxımdan, düşünürəm, bu cür beynəlxalq tədbirlərdə Şeyxülislamın belə siyasi çıxışları daha məqsədəuyğundur. Çünki biz müxalifətik, konkret dövlət adları, siyasilərin adlarını çəkə, açıq tekstlə tənqid edə bilərik. Azərbaycanda hazırda müsəlmanlar arasında çox həssas dini vəziyyət var. Bir var Turalın, yaxud digər müxalifət partiya sədrlərinin hansısa ölkələrin adlarını çəkməsi, bir də var dövlət vəzifəsində, siyasi statusu olan məsul şəxslərin. Bu anlamda Şeyxülsilam ümumi danışıb. Düşünürəm, hər bir dövlət öz payını götürdü, həm İran, həm də digər İslam dövlətləri. Bu məsələdə sakit qalan, səsini çıxarmayan təkcə İran deyildi. Qarabağ müharibəsindən sonra bu məsələlər xeyli düzəlib. Təəssüflə qeyd etməliyik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan bəzi türk dövlətləri də var idi ki, onlar da müsəlman dövlətləridir, amma ilk vaxtlarda heç də bizə uyğun mövqe tutmurdurlar. Həmçinin digər bəzi müsəlman dövlətləri. Ona görə də Şeyxülislamın bu çıxışı hardasa anlaşılandır, anlayışla qarşılayıram. Niyə konkret adlar çəkib-çəkməməsi barədə özü daha yaxşı cavab verə bilər. Amma düşünürəm, siyasi korretkəlik baxımından belə daha uyğundur”.
Aytəkin Qardaşova