Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ramin Namazovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, ikinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirilib.
Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.
İttihama görə, Ramin Namazov 2014-cü ilin iyun ayından 2014-cü ilin oktyabr ayına kimi Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsində (PB) qeyri-rəsmi şəkildə işləyib. O, 2014-cü ilin iyun ayında həmin polis bölməsinə müraciət edən zərərçəkmiş Məlahət Quliyeva ilə tanış olub. Ramin onun subay qadın olmasını, aptekdə işləməsini və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzilini 160 000 manata satıb banka depozitə qoymasını öyrənib.
Daha sonra o, zərərçəkmiş şəxsin həmin məbləğdə pulunu tamah niyyətilə ələ keçirmək məqsədilə özünü Nəsimi RPİ-nin 19-cu PB-nin əməkdaşı kimi təqdim edib. Ramin qadınla ailə quracağına inandırmaqla onun etibarından sui-istifadə edərək ipoteka ilə ev almaq və digər yalan söyləməklə Məlahət Quliyevadan ümumilikdə 106 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən məhkum narazı qalıb və kassaiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Ramin Namazovun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti Ali Məhkəməyə müraciət edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Kamal Məmmədov