Noyabrın 2-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmə aksiyasında iştirak edib.
Yenilənmiş həyət Bakı şəhəri, Suraxani rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış massivi 13, 14, 14A, 15, 16, 17, 18 ünvanlarında 2232 nəfər sakinin yaşadığı 7 çoxmərtəbəli yaşayış binasını əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançaları, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə çoxsaylı söhbətgah və oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.