Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Pravda.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Prezident İlham Əliyevi və birinci xanımı Mehriban Əliyevanı qarşıladılar.
Dövlət başçıları və birinci xanımlar birgə foto çəkdirdilər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:
- Hörmətli İlham Heydər oğlu, bir daha Özbəkistana xoş gəlmisiniz. Sizi Səmərqənddə görmək mənə çox xoşdur. Çox şadam ki, Siz xanımınız Mehriban Arif qızı ilə birlikdə gəlmisiniz. Ona görə ki, mən demişəm, bu, rəmzi məna daşıyır. Dediyim kimi, sabahkı Sammit rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq, İlham Heydər oğlu, Sizin Vətəninizdə, atanızın Vətənində. Biz görürük ki, bu istiqamətdə çoxsaylı tarixi hadisələr baş verib. Özbəkistanda bu tarixi hadisə ilk dəfədir. Nə üçün Səmərqənddə təşkil olunması da böyük əhəmiyyət kəsb edir, ona görə ki, sabah Səmərqənddə ilk dəfə olaraq Zirvə Görüşü yeni adla keçiriləcək. Bütün bunlar hamısı qarşılıqlı surətdə əlaqəlidir. Beləliklə, xoş gəlmisiniz!
Danışıqlara başlamazdan əvvəl Sizi böyük Qələbə - 8 Noyabr günü münasibətilə təbrik etmək istəyirəm. Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik. Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr - Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - Siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. Mən Sizi səmimi-qəlbdən təbrik edirəm.
Əlbəttə, dediyimiz kimi, bizim münasibətlər strateji əhəmiyyət daşıyır. Bir misal göstərim – bu il Sizinlə üçüncü dəfədir görüşürük. Bu, münasibətlərimizin strateji əhəmiyyətinə dəlalət edir. Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz, buna görə Sizə çox təşəkkür edirəm. Əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir. Bizim komandalar artıq bir-birini tanıyır. Biz Sizin gəlişinizə hazırlaşmışıq, çoxlu ciddi layihələr var, genişproqramlı çoxlu səfərlər olub. Artıq görüşürlər, söhbət edirlər. Hökumətlərarası Komissiyanın iclası uğurla, çox yaxşı keçib və həmkarlar Hökumətlərarası Komissiyanın sədri ilə söhbət ediblər, yaxşı plan nəzərdə tutublar.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Sağ olun, hörmətli Şavkat Miromonoviç.
İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Yenidən Səmərqənddə olmağıma çox şadam. Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə təbrikinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz qardaş özbək xalqının, şəxsən Sizin bizə, ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətinizi çox yüksək qiymətləndiririk. Biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik. Əlbəttə, işğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünüzə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə Sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq.