"Koronavirus dövründə Tofiq Yaqublu ilə bağlı baş verənlər bəlkə bizi ayılda. Ona görə fikirləşirəm ki, bəlkə hakimiyyət, müxalifət və biz azərbaycanlılar bu koronavirus dövrü imkan varkən hərəkətlərimizə fikir verək. Etdiyimiz əməllərimizi bir daha götür-qoy edək. Anlayaq ki, şər-böhtan, yalan, ədalətsizlik yolverilməzdir və bunun əziyyətini birinci növbədə həmin addımları atanlar və heç bir günahı olmayan vətəndaşlar çəkir. Tofiq Yaqublu ilə dost münasibətimiz olmasa da, onu çox yaxşı tanıyıram və bilirəm ki, bu həyatda mümkün olan bütün faciələri görüb, əziyyətləri çəkən bir mərd, dürüst azərbaycanlı kişisidir. Bir neçə gündür ki, onunla bağlı baş verənləri araşdırmaq istəyirdim. Ona görə də sosial şəbəkədə yazılanları diqqətlə oxuyurdum".


Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.


"Bu gün əlavə olaraq "T.Yaqubluya şər atan, işverən, Nardaran məhbuslarının üzünə duran" və bu yalanlara görə neçə gündür həqiqətən terrora məruz qalan Cəbrayılov ailəsinin müsahibəsini dinlədim. Tam fikir yürütməmişdən öncə şərhlərdə yerləşdirdiyim həmin videonu izləmənizi xahiş edirəm. Həqiqətən bu ailəyə, xüsusən Elxan Cəbrayılova yazığım gəldi. Yəqin ki, haqqında neçə gündür müxalifət tərəfindən tirajlanan, bərli-bəzəkli yalanları oxuduqca bu adam dünyaya gəldiyinə belə peşman olub, bu dünyaya və insanlara nifrət edib. Onun çıxılmaz duruma düşdüyünə inandım. Elə bir kəlmə deməsi ki, "bilmirəm axırım, 2 uşağımın aqibəti necə olacaq" bu yalanı yayanlara vicdan adlı bir anlayışın olmasını xatırlatmalıdır. İndi ən çox düşündüyüm neçə gündür ki, bu hadisə ətrafında ajiotaj yaradıb gündəmi qızışdırmaqla xal toplamaq istəyən "dahi" siyasətçilərin hansı hissləri keçirdirlər. Doğrudanmı onlarda heç vicdan hissi yoxdur. Hələ məni birtərəfli şəkildə T.Yaqubluya böhtan atıldığını yazmağımı tələb edənləri, buna görə məni təhqir edənləri demirəm. Qısaca hadisə ilə bağlı fikirlərimi bildirim.

Daim əsəb və stress keçirən T.Yaqublu hadisə baş verən kimi bunun təşkil olduğunu zənn edib lazımsız addım atdığını düşünürəm. Məmurların bəziləri isə hakimiyyətə yarınmaq üçün hadisəni maksimum şişirdib T.Yaqublu haqqında həbs qətimkan tədbiri seçilməsinə nail olublar. Bir hüquqşünas kimi bildirirəm ki, adi vaxtda belə T.Yaqublunun haqqında həbs qətimkan tədbiri seçməyə ehtiyac yox idi. Bu günkü gün isə bunu yolverilməz və qisasçılıq sayıram. Hesab edirəm ki, hakimiyyət dərhal T.Yaqublu haqqında seçilmiş qətimkan tədbirini dəyişdirməlidir. Hüquqşünas məmurların buna qanunun yol vermədiyini deyəcəyini bilib öncədən bildirirəm ki, xuliqanlıq sovetdən qalma istənilən hadisəyə istədiyin don geyindirməyə imkan verən maddədir. Bundan başqa F.Məmmədovun məhkəmələri yüngül cinayətə görə həbs qətimkan tədbiri, ağır cinayətə görə isə həbslə bağlı olmayan qətimkan tədbirinin seçmə praktikası hamıya bəllidir. Bilirəm ki, bəziləriniz "əşşi, bunun söyülməkdən xoşu gəlir" deyə qınayacaqsınız. Bəziləriniz isə məni tərs, öz ziyanını anlamayan sayıb "nə üçün bu tip mövzulara girdiyimi" soruşacaqsınız. Bildirim ki, o söyüş kampaniyasını təşkil edənlər kimi əxlaqım həmin ifadələri nə işlətməyə, nə eşitməyə yol vermir və baş verənləri çox ağrılı keçirirəm. Bu gün bəlkə də həyatımın ən stresli günlərini yaşayıram. Bu mövzuların mənə həddindən artıq baha başa gəldiyini də bilirəm. Ancaq inanın, bu gün vəziyyətimizin nə qədər acınacaqlı, insanlarımızın sadəlöhv, siyasət dəllalarının isə nə qədər murdar olduğunu görüb sadəcə susa bilmirəm. Əminəm ki, bu gün məni dar ağacında asmağa hazır olanlar mən olmayandan sonra timsah göz yaşları töküb, haqqımda difiramba söyləyəcəklər. Bunu artıq bir dəfə yaşamışam. Rəhmətliklər Əbülfəz Elçibəyi və Elmar Hüseynovu hər gün aşağılayanlar, haqqında palaz-palaz təhqir yazdıranlar bu gün onları özlərinin kumiri, dostları elan edirlər. Bu gün "Tofiqsevərlər"in yaratdıqları ajiotaj ancaq və ancaq Tofiq Yaqublunun həbsdə qalmasına xidmət edir" - A.İsmayılov qeyd edib.