Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək həvalə edilib. Aydındır ki, bu fərman son illər bu strukturda korrupsiya hallarının artmasının qarşısını almağa yönəlib. Bəs nə dəyişəcək? Mövzu ilə bağlı Milli Məclisin mədəniyyət komitəsinin üzvü Aqil Abbas "Yeni Müsavat"a danışıb: “Prezident mədəniyyət nazirinə inanıb, həmin səlahiyyətləri həvalə edib. Məlum olduğu kimi, bir müddət əvvəl nazirlikdə korrupsiya ilə mübarizə işləri aparıldı, saxlanılanlar, işdən çıxarılanlar var. Yəqin ki, "gözü çıxan qardaş"lardan ibrət götürüb, bundan sonra korrupsiyaya yol verməzlər.
Şəxsən mən gənc kadr olan Anar Kərimova inanıram. Doğrudur, onunla nə dostluğum, nə də “salaməleyküm” var, lakin inanıram ki, o, korrupsiyaya əl atmaz. Gərək müavini də bu cür işlərə əl atmazdı. İndi edib və buna görə də vəzifəsindən getdi. Fikirləşmirlər ki, neqativ işlərin sonu yoxdur. Amma indi fikirləşməyin vaxtıdır".