Beynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cerba şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində noyabrın 18-də baş tutan nazirlər iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təxribat xarakterli və sözügedən qurumun üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səsləndirib.
Bu barədə Pravda.az-a Azərbaycan XİN-dən bildirilib.
Məlumata görə, Zirvə görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə sammitin yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub.
Lakin, sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəmizə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq, layihələrdə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Bununla belə, sənədin yekun layihəsində hələ də Təşkilatın mandatına aid olmayan və Ermənistanın siyasi təbliğat vasitələrinə təhrik imkanı verən müəyyən elementlər qalmaqdadır.
Sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb. Bu təzyiqlərə baxmayaraq, 18 noyabr 2022-ci il tarixində keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin Nazirlər İclası zamanı bəzi üzv dövlətlər bir daha söz götürərək qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib.