Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İlqar Vəlizadə: “Azərbaycan İranın gözünün nurudursa, onda 30 ilin təcrübəsində bunu göstərə bilərdi...”

1 027
Paylaş:
İlqar Vəlizadə: “Azərbaycan İranın gözünün nurudursa, onda 30 ilin təcrübəsində bunu göstərə bilərdi...”

“Təcrübə və hadisələr göstərir ki, sözlərə yox, əməllərə inanmaq lazımdır. Biz hər zaman siyasətimizin hansı meyarlarla ölçüldüyünü, məqsədimiz, niyyətimiz nədirsə, əməllərlə göstərmişik. Digər ölkələrdən də bunu istəyirik. Baxmayaraq ki, İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı müsbət açıqlama verib. Amma açın, İranın KİV-inə baxın, görün, onlar Azərbaycanla bağlı kampaniyanı bitiriblər? Xeyr. Əməllərdə görməmiş heç kimə inana bilmərik, o cümlədən İrana. Dost, qardaş ölkə elə şeylər etməz. Azərbaycan İranın gözünün nurudursa, onda 30 ilin təcrübəsində bunu göstərə bilərdi və bunun üçün İranın kifayət qədər vaxtı var idi, amma etmədi”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Azərbaycana qarşı yaxşı münasibətdə olan ölkələr və onların siyasəti bəllidir: “Həmin ölkələrin Kütləvi İnformasiya Vasitələrində Azərbaycanla bağlı gedən məlumatlar, onların rəsmilərinin açıqlamaları məlumdur. Bizə doğrudan da dost, qardaş sayılan ölkələrdən indiyə qədər qərəzli, anti-Azərbaycan ruhunda heç bir açıqlama görməmişik. Amma baxın, illəri demirəm, təkcə son həftələr ərzində İran tərəfindən anti-Azərbaycan ruhunda nə qədər açıqlamalar olub. İranın KİV-ində xeyli yalan, böhtanla dolu informasiyalar yayıldı. İndiyə qədər bizə dost, qardaş olan hansı ölkənin hərbi nümayəndələri Azərbaycana barmaq silkələyib, hansısa siyasi əməllərdən çəkindirməyi tələb ediblər? Heç biri. Amma İranın hərbçiləri, ali hərbi rütbəli şəxsləri Azərbaycanla bağlı qərəzli fikirlər söyləyirdilər. Təəssüf ki, bu, indi də var...”

İ.Vəlizadə Əli Əkbər Vilayətinin mövqeyini İranın Azərbaycanın qətiyyətli mövqeyinə görə geri çəkilməsinin nümunəsi kimi qiymətləndirənlərə də münasibət bildirib: “İran nəyə nail olub? Tehran Azərbaycanın İsraildə səfirlik açacağını açıq şəkildə deməsinə nail olmaq istəyirdisə, onda buna nail oldu. Təkcə bu məsələdə yox, illərlə İranın narahatlığını bir çox məsələlərdə nəzərə almışıq. Çalışmışıq ki, İranın narahatlıqlarını anlayaq. Amma görünür, sərt davranmaq daha təsirlidir, nəinki empatiya nümayiş etdirmək. Deməli, sərt addımlar atmaq daha məqsədyönlü imiş. İran Azərbaycanla sərhədində hərbi təlimlər keçirdi. Azərbaycan indiyə qədər keçirmirdi. Amma İranın ikinci irimiqyaslı təlimindən sonra Azərbaycan da irimiqyaslı təlimlər keçirtdi. Yəqin ki, bu mesajlar Tehrana çatıb. Biz öz mövqelərimizi heç kəsə elə-belə təhvil verən deyilik və mövqelərimizdə dayanmışıq. Heç kəs bizə hansısa prinsipləri diktə edə bilməz. Yaxşı olardı ki, İran rəsmiləri müəyyən nəticə çıxarsınlar. Gələcək addımlarda bu məsələni nəzərdən keçirtsinlər”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər