Ölkə ərazisində koronavirus (COVID-19) təhlükəsinin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.
Bu vəziyyət daha çox Bakı və Sumqayıt şəhərlərində kirayə mənzillərdə yaşayanları narahat edir. Hazırda həyata keçirilən tədbirlərlə əlaqədar bu şəxslər Bakı və Sumqayıta gələ bilmirlər. Mövcud vəziyyətlə bağlı şəhərlərə giriş-çıxışın qadağan olunmasının müddəti uzadılarsa, kirayə pulu məsələsində güzəşt olunacaqmı? Vətəndaşları düşündürən suallardan biri də odur ki, bu istiqamətdə hər hansı bir tənzimlənmə mexanizmi olacaqmı? Əgər yardım olacaqsa, hansı meyarlar (ailə vəziyyəti, iş yeri, aylıq məvacib və s. - red.) əsas götürülməlidir? Mövzu ilə əlaqədar bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Oxu.az-a bildirib ki, dövlət əvvəlcə bu mövzuda hansı şəxslərin köməyə ehtiyacının olduğunu dəqiqləşdirməlidir: “Əksər hallarda kirayə mənzillərdə yaşayan şəxslər ev sahibi ilə müqavilə bağlamır. Bunun da səbəbi həm icarəyə verən, həm də icarəçinin vergidən yayınmaq istəyidir. Bu baxımdan dövlətə bu məsələ ilə bağlı təklif vermək çətindir. Ciddi sual yaranır ki, dövlət kimə kömək etməlidir? Bəziləri bu məqamdan sui-istifadə edərək, Bakıda, Sumqayıtda, Abşeronda kirayədə yaşadıqlarını deyəcəklər. Bu məqamların tam aydın olması üçün siyahıya almaq prosesinə diqqət olunmalıdır. Çünki bu məsələdə dəqiqləşdirmə aparılması çətindir.
Qanuni əsasla götürsək, mənzili icarəyə verənlə rəsmi müqaviləsi olan şəxslərin vəziyyəti nəzərə alına bilər. Çünki bu şəxslər iradəsindən asılı olmayan səbəblərdən icarəyə götürdükləri sahəni istifadə edə bilmir. Daha bir misal biznes sahəsindədir. Turizm sektorunda xidmət göstərən və çalışdığı obyekti icarəyə götürən şəxslər də çətinlik çəkir. Bu halda o sahibkarların icarə haqqını ödəyə bilməməsi ilə bağlı qanuni əsas var. Çünki həmin sektorda gəlir mənbəyi yoxdur”.
Ə.Həsənov bu cür problemlə qarşılaşan şəxslərin, xüsusilə kirayə mənzillərdə yaşayan və mövcud səbəblərdən mənzildən istifadə edə bilməyənlərin dövlətə müraciət edə biləcəyini deyib:
“Dövlət yalnız şəhərdə kirayə mənzillərdə yaşayan şəxslərin zəruri əşyalarının onlara qaytarılması prosesində kömək edə bilər. Eyni zamanda, mənzili icarəyə verən şəxslər (əgər müqavilə yoxdursa - red,) icarəçilərdən kirayə pulu tələb edə bilməz. Paralel olaraq müqavilə olmadığı üçün dövlətdən də heç nə tələb edə bilmirlər.