“Narkotiklərin qanunsuz dövriyyəsinə dair işlər üzrə bəraət hökmlərinin çıxarılmasına nail olmaqda mobil telefonlar və anten məlumatları biz vəkillərin ən güclü silahı idi. 2022-ci ilin əvvəllərindən başlayaraq, narkotiklərə görə həbs olunan şəxslərin üzərindən aşkar olunan əşyaların siyahısından mobil telefonlar yoxa çıxmağa başladı. Sanki, heç kəs mobil telefon işlətmirmiş. Kimin ağlının məhsulu idi bilmirəm, amma bizim işimizi xeyli çətinləşdirirdi”.
Mobil operatorlar anten məlumatlarını niyə vermirlər?
Pravda.az-ın xəbərinə görə, bunu vəkil Anar Qasımlı bildirib.
Vəkil daha böyük problemlə üzləşdiklərini qeyd edib: “Məhkəmədə təqsirləndirilən şəxsin anten məlumatlarının tələb olunması barədə vəsatət veririk, vəsatətimiz təmin olunur, amma mobil operatorlar “texniki problem” adı ilə məlumatları vermirlər. Konkret olaraq, “Bakcell” və “Narmobile” tərəfindən belə cavablar verilib müdafiəçi olduğum bir neçə işdə. “Azercell”in belə bir cavabı ilə rastlaşmamışam hələ ki. Kimsə rastlaşıbsa, məlumat versə, yaxşı olar. İnanmaq istəyirəm ki, bu həqiqətən də texniki problemdir və müvəqqətidir, arxasında hansısa qara əl dayanmır. Hər bir halda mobil operatorlar açıqlama verməlidir. Bu texniki problem nədir? Nə vaxtadək davam edəcək? Aradan qaldırılacaqmı? Bu istiqamətdə hansı işlər görülür?”