Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında apardığı antikorrupsiya əməliyyatları fonunda Prezident İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu 3 il öncə qəbul edərkən, dediyi fikirlər yenidən aktuallaşıb. Axar.az xəbər verir ki, Prezident 2019-cu il üçün çox vacib məsələ - Naxçıvanın təhlükəsizliyi, ordu quruculuğu sahəsinə diqqət ayırdığını açıq şəkildə bildirir. Həmin dövrdə Azərbaycan torpaqlarının işğalda olduğunu nəzərə alaraq, Prezident bu istiqamətə xüsusi diqqət yetirdiyini nəzərə çatdırır.
Daha sonra elektrik enerjisi təchizatı, yol infrastrukturana ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi haqda suallarına cavab alır.
Nəhayət, Prezident İlham Əliyev büdcə məsələsinə toxunaraq, bildirir:
“Naxçıvan büdcəsinin cəmi 22%-i, yəni 383 milyondan cəmi 83 milyon yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, yerli gəlirlərin büdcədə faiz nisbəti artsın. Bu halda daha da böyük imkanlar yaranacaq ki, sosial və sənaye layihələri icra edilsin. Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahədə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin (2019-cu il nəzərdə tutulur – red.) büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bu 850 milyon sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin rəqəmlərinə baxdıqda həm yerli gəlirlərin mütləq rəqəmlərinin artırılması, eyni zamanda ümumi büdcədə yerli gəlirlərin faizini artırmaq üçün əlavə addımlar atılmalıdır”.
Bu, Prezident İlham Əliyevin birbaşa göstərişi idi və Naxçıvanda maliyyə və iqtisadi sahədə tam şəffaflığın olmasını tələb edirdi.
Naxçıvanın büdcəsi 2020-də 482 milyon, 2021-ci ildə 502,3 milyon, 2022-ci ildə 606,1 milyon manat olub: 2020-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya 370 580 000 manat, 2021-ci ildə 378 131 000 manat, 2022-ci ildə isə 457 580 000 manata qalxmışdır.