İraqın sabiq prezidenti Səddam Hüseynin hakimiyyəti dövründə 17 il general kimi xidmət edən, Kərkük əsilli 60 yaşlı Xudhur Əhməd Rauf Vəli hazırda İstanbulda avtomobil yuma məntəqəsində çalışır.
Pravda.az Globalinfo.az-a istinadən xəbər verir ki, beş dil bilən və vaxtilə pilot-general olduğunu bildirən Vəli 2003-cü ildə Səddam Hüseyn hakimiyyətinin devrilməsindən sonra təhlükəsizlik səbəbindən gizlənməyə başlayıb.
Onun sözlərinə görə, təxminən bir il gizləndikdən sonra ABŞ hərbçiləri tərəfindən tapılıb və həbs olunmamaq üçün onlarla əməkdaşlıq etməyə məcbur qalıb. Daha sonra İraqda evi hücuma məruz qalıb. Həmin hücum zamanı həyat yoldaşını itirdiyini bildirən keçmiş general İŞİD tərəfindən qaçırıldığını, işgəncələrə məruz qaldığını və barmaqlarının kəsildiyini də iddia edib.
Vəli İraqda olduğu müddətdə müxtəlif yerlərdə izlənildiyini və hücumlara məruz qaldığını deyərək 2013-cü il noyabrın 5-də ölkəni tərk etdiyini bildirib.
İraqdakı hərbi fəaliyyəti barədə danışan Vəli əvvəlcə Səddam Hüseynin qardaşı Vətban İbrahim əl-Həsənlə işlədiyini, daha sonra hərbi xidmətə başladığını söyləyib.
O, İran-İraq müharibəsi zamanı yaşananlardan da danışıb. Bildirib ki, İranla sərhəd ərazilərdəki mübahisələr və hərbi toqquşmalar nəticəsində çoxsaylı insan həyatını itirib.