“ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin 2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% azalıb.
Pravda.az Plat.az-a istinadən xəbər verir ki, şirkətin 10 aylıq birja dövriyyəsi 26 milyard 490,9 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 31 milyard 784,3 milyon manat olub.
Beləliklə, “ABB İnvest”in birja dövriyyəsi illik müqayisədə 5 milyard 293,4 milyon manat azalıb.
Bununla belə, şirkət dövriyyənin həcminə görə BFB üzvləri arasında ötənilki ikinci pillədən birinci yerə yüksəlib.
Dövlət istiqrazları üzrə dövriyyə 81% azalıb
BFB-nin göstəricilərinin müqayisəsi göstərir ki, şirkətin dövriyyəsindəki azalmanın əsas səbəblərindən biri dövlət istiqrazları üzrə əməliyyatların kəskin geriləməsidir.
Belə ki, 2025-ci ilin ilk 10 ayında “ABB İnvest”in dövlət istiqrazları üzrə dövriyyəsi 4 milyard 433,3 milyon manat olduğu halda, bu ilin eyni dövründə 856,9 milyon manata enib.
Nəticədə bu istiqamətdə dövriyyə 3 milyard 576,4 milyon manat və ya 80,7% azalıb.
Repo əməliyyatlarında 2,1 milyard manatlıq azalma
Şirkətin ümumi dövriyyəsində ən böyük paya malik repo əməliyyatlarında da geriləmə qeydə alınıb.
2025-ci ilin yanvar-oktyabr aylarında repo əməliyyatlarının həcmi 26 milyard 754,3 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 24 milyard 647 milyon manata düşüb.
Beləliklə, repo dövriyyəsi 2 milyard 107,3 milyon manat və ya 7,9% azalıb.